Aliment ödəməkdən yayınan valideynlərin DİQQƏTİNƏ

Bu ilin altı ayı ərzində alimentlə bağlı məhkəmədə 88 mindən artıq iş olub.

Bu barədə Yenicag.az-a Ədliyyə Nazirliyinin “Məhkəmə qərarlarının icrasının təşkili” mövzusunda keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev məlumat verib.

F.Əfəndiyevin sözlərinə görə, müraciət edilən işlərin böyük bir hissəsi öz həllini tapıb:

“Bu gün borclu şəxslərin alimenti könüllü şəkildə ödədiklərini deyə bilmirik. Təəssüf ki, alimentdən yayınan atalar var. Tövsiyə edirik ki, onlar öz atalıq borclarını yerinə yetirsinlər. Atalarla yanaşı aliment ödəyən analar da var. Lakin, alimentin ödənilməməsinə dair problemli məsələlər daha çox atalarla bağlıdır. Atalar övladları üçün ayrılan alimenti ödəməlidirlər. Bunu hansısa icra məmurunun ona xatırlatması ilə deyil, könüllü şəkildə etməlidirlər. Nəzərə almalıdırlar ki, əks halda onların barəsində inzibati tədbir görülə bilər. Aliment ödəməkdən yayınan valideynlərlə bağlı bir ayadək azadlıqdan məhrumetmə də bu cəza tədbirlərinə aiddir”.

F.Əfəndiyevin sözlərinə görə, işlərin 70 faizində aliment müntəzəm şəkildə ödənilir:

“Alimentlərin böyük hissəsi məcburi, cəmi 1 faizi isə valideynlər tərəfindən könüllü şəkildə ödənilib. Bu istiqamətdə statistika çox təəssüf doğurur. İşlərin 10-15 faizində 3-5 aylıq gecikmələr müşahidə edilir. Ya şəxslər axtarışda olur, ya ölkədə olmur, ya da qərəzli şəkildə məsuliyyətdən yayınırlar. Gecikmələrin səbəbi müxtəlifdir və araşdırılır. Aliment ödəməkdən tamamilə yayınan valideynlər də var”.

COP29