Alimlər bu səbələrdən uzunömürlü olur

İntellektual (elmi və yaradıcılıq) sahə üzrə fəaliyyətlə uzunömürlülük arasında əlaqə araşdırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.

Son zamanlar dünya və Azərbaycan alimləri uzunömürlülüklə insanın fəaliyyət sahəsi arasında əlaqə aşkar ediblər. Müəyyən edilib ki, intellektual fəaliyyətlə məşğul olan insanların da əksəriyyətini uzunömürlü hesab etmək olar. İntellektual fəaliyyətlə məşğul olanlar sırasına alimlər, yaradıcı insanlar (şairlər, yazıçılar, musiqiçilər, rəssamlar, aktyorlar və s.) daxildirlər.

Müasir təsəvvürlərə görə, bu qəbil insanların uzun ömür sürmələrinin psixoloji, fizioloji və genetik səviyyələrdə tənzimlənən bir sıra səbəbləri var. İstedadlı və dahi adamlarda olan bəzi kənaraçıxmalar nəzərə alınmasa, bu şəxslərin hamısı psixoloji baxımdan çox davamlı və stabil olmaqla, eyni zamanda ruh yüksəkliyinə malik olur və peşə məşğuliyyətlərindən zövq və həzz alırlar. Bu, ilk növbədə orqanizmdə dofamin və serotonin sistemi komponentlərinin və onların fəaliyyətini birbaşa və dolayısı yolla tənzimləyən genlərin ekspressiyasının çox yüksək olması ilə əlaqələndirilir. Bundan başqa, beyində neyronların bərpası və fəaliyyəti də adi insanlarla müqayisədə kifayət qədər yüksək olur. Bunu neyronların bərpasında və funksiyasında mühüm rol oynayan bir sıra genlərlə, xüsusən neyrequlin 1 geninin fəallığı ilə əlaqələndirirlər. Çoxsaylı genlərin bütöv kaskadının cəlb olunduğu intellektual iş qabiliyyəti “uğurlu intellektual fəaliyyəti və uğurlu qocalmanı” təmin edir.

Digər tərəfdən, hesab edilir ki, intellektual fəaliyyətlə məşğul olan insanların beyni yüksək dərəcədə fəallığa malik olduğundan, beynin qanla və oksigenlə təchizatı da yüksək olur. İnkişaf etmiş, fəal və işlək beynin orqanizmin digər orqanlarının, xüsusən ürəyin, qan-damar sisteminin, həzm və ifrazat orqanlarının fəaliyyətinə nəzarəti də daha güclü və səhvsiz olur. Meditasiya ilə məşğul olan insanlar (şamanlar, kahinlər və s.) da uzunömürlü olurlar. Məsələn, Tibetdə, Sibirdə yaşayan şaman və kahinlər digər bədbəxt hadisələr baş vermədikdə orta hesabla 90 ildən çox yaşayırlar. Uzun müddət bir elmi problemin və yaradıcı ideyanın üzərində fokuslaşma da mediatativ xarakter daşıyır ki, bu da orqanizmin mənfi enerjidən azad olmasına səbəb olur.

Qeyd edək ki, bir müddət öncə AMEA-nın Prezidenti, akademik İsa Həbibbəyli alimlərin uzunömürlü olmalarının səbəbləri ilə bağlı elmi araşdırma aparması barədə tapşırıq verib.