Әliyevin Ankara səfərinin gizlinləri… – Azərbaycan prezidenti Әrdoğana hansı mesajı çatdırdı?

thumbs_b2_98a35514a18c188d52fd125b968c5a6fVüqar Zifəroğlu: “Hesab etmirəm ki, bu səfərin İlham Əliyevin İran və Rusiya olan səfərlərilə birbasa əlaqəsi var”

Elxan Şahinoğlu: “Mümkündür ki, təyyarənin salonunda baş tutan görüşdə çox həssas mövzular da müzakirə olunub”

Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə olan səfəri geniş rezonans doğurub. Bu səfər terror hadisəsindən sonra Türkiyəyə verilən geniş bir dəstək kimi yadda qaldı. Maraqlıdır ki, səfər ani qərarla baş tutdu. Yəni, Әrdoğanın Bakı səfərinin baş tutmayacağı bəlli olduğu günün axşamı Azərbaycan Prezidenti ani qərarla Ankaraya gedəcəyini açıqladı.
Görəsən, politoloqlar prezidentin Turkiyə səfərini, bu istiqamətdə atdığı diplomatik jestlərini və görüş nəticəsində bağlanan müqavilələri necə dəyərləndirirlər? Prezidentin bu səfəri sadəcə qardaşlıq məsələsidir, yoxsa Ərdoğana çatdırılması vacib olan mesajlar da olub? Bu səfərin Əliyevin İran və Rusiya olan səfərləri ilə əlaqəsi varmi?

Yenicag.az-a açıqlamasında “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu dövlət başçısının Ankaraya olan səfərlərinin İran və Rusiyaya olan səfərlərilə hər hansı bir əlaqəsinin olmadığını bildirdi: “Türkiyə ilə Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasının Bakı əvəzinə Ankarada keçirilməsi təşəbbüsünün Azərbaycan prezidentindən gəlməsi faktiki olaraq, Azərbaycanın bir qardaşlıq, həmrəylik addımı ataraq, istənilən hallarda Türkiyənin yanında olduğunu açıq şəkildə bütün dünyaya nümayiş etdirməsi deməkdir. Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğanın bu il fevralın 18-də Azərbaycana planlaşdırılan səfəri Ankarada terror aktının törədilməsi səbəbindən təxirə salınmışdı. Bu Azərbaycanın, ölkə prezidentinin Türkiyə ilə həmrəy olduğunu ən açıq şəkildə göstərən bir jestdir və bir daha bu iki ölkənin nə qədər bir-birinə yaxın və qardaş ölkə olduğunun ən bariz nümunəsidir.
Təbii ki, hər iki prezident bir cox məsələləri də müzakirə etdi. Bu ilk növbədə regional münaqişə, iqtisadi layihələr, müxtəlif sahələrdə əməkdaşlıqla bağlı məsələlərlə əlaqədardır. Hesab etmirəm ki, bu səfərin İlham Əliyevin İran və Rusiya olan səfərlərilə birbasa əlaqəsi var. Bu görüş hələ fevralın ortasında keçirilməli idi, amma terror hadisəsi buna mane oldu”.

Politoloq Elxan Şahinoğlu güman edir ki, görüşdə Moskva Ankara arasında münasibətlər məsələsinə də yəqin ki, toxunulub: “İlham Əliyevin Ankaraya səfəri böyük bir addım idi. Çünki Ərdoğan ölkəsində baş verən terror aktları ilə bağlı olaraq artıq ikinci dəfə idi ki, Azərbaycana səfərini təxirə salmaq məcburiyyətində qalmışdı. Bu çətin vəziyyətdən Ərdoğanı Azərbaycan prezidenti qurtardı. Həmin səfər çox böyük addım idi və Ərdoğan, Türkiyə siyasi dairələri və media tərəfindən yüksək də qiymətləndirildi. İki ölkə arasında strateji əməkdaşlığın nümunəsi kimi İ. Əliyev Ankarada keçirilən hərbi təlimləri də misal çəkdi. Hərbi əməkdaşlıq getdikcə artacaq. Bu da obyektiv bir inkişafdır. Azərbaycan həssas bir mövqedə yerləşir və Türkiyə ilə strateji müttəfiqliyinin genişləndirilməsinə ehtiyac var. İki dövlət arasında yüksək səviyyədə Əməkdaşlıq Şurası fəaliyyət göstərir. Keçirilən son iclas da bu istiqamətdə baş tutan 5-ci toplantı idi. Həmin toplantılar da növbəlilik əsasında gah Türkiyə, gah da Azərbaycanda keçirilir. Bu əməkdaşlıq şurası çərçivəsində iki dövlət arasında bütün sahələrdə əməkdaşlığın konturları cızılır, yeni inkişaf istiqamətləri nəzərdən keçirilir. Aydındır ki, dövlət başçıları arasında qapalı görüşlər də olur. Təsadüfi deyil ki, Ərdoğan İ. Əliyevi yola salarkən təyyaradə də görüşdülər. Mümkündür ki, burada çox həssas mövzular da müzakirə olunub.

Böyük ehtimalla iki prezidentlər arasında qonşu dövlətlərlə münasibət məsələləri ətrafında da fikir mübadiləsi aparılıb. Çünki İrana qarşı sanksiyalar aradan götürülüb. Azərbaycan İranla iqtisadi əməkdaşlığını inkişaf etdirmək istəyir. Amma bunu Türkiyə, Azərbaycan və İranla birlikdə üçlük səviyyəsində də etmək mümkündür. Xatırlayırsınızsa 3 ölkə xarici işlər nazirlərinin belə bir formatı da var. İ. Əliyevin Tehrana olan səfərindən dərhal sonra Türkiyə baş naziri Davudoğlu da İrana getdi. Türkiyə baxmayaraq ki, Suriya məsələsində İranla fikir ayrılığındadır, bu ölkə ilə əməkdaşlığın genişlənməsində maraqlıdır. Görüşdə bu 3-lük formatı və Azərbaycan Rusiya əməkdaşlığı ətrafında da fikir mübadiləsi aparıla bilərdi. Baxmayaraq ki, Ankara ilə Moskvanın münasibətləri gərgindir, Azərbaycan Rusiya ilə normal münasibətlərə çalışır. Azərbaycan onu istəyir ki, Ankara Moskva münasibətləri yaxşılaşsın. Böyük ehtimalla görüşdə bu istiqamətdə də fikir mübadiləsi olub”.

ELÇİN