Oktyabrın 21-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
Yenicag.az xəbər verir ki, iclasın gündəliyinə daxil olan hər iki məsələ barədə komitənin sədri Azər Əmiraslanov məlumat verib.
Birinci məsələ olan “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Azər Əmiraslanov diqqətə çatdırıb ki, sənəd bələdiyyə büdcəsinin gəlir və xərclərinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunmasını təsbit edir. Həmçinin layihədə “Nağdsız hesablaşmalar haqqında” Qanuna bələdiyyə yığımları üzrə hesablaşmaların da nağdsız qaydada həyata keçirilməsi təklif olunub. Komitə sədri vurğulayıb ki, dəyişikliklər bələdiyyə büdcəsinin formalaşmasında və icrasında şəffaflığın təmin olunmasına, yerli büdcənin icrasının və vəsaitlərdən istifadənin səmərəliliyinin artırılmasına xidmət edəcək.
İkinci məsələ olan “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı komitə sədri bildirib ki, dəyişikliklər alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət tələbinin müəyyən edilməsi məqsədilə hazırlanıb. Layihəyə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən ediləcək, bununla bağlı müvafiq qaydalar təsdiqlənəcək və pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağan olunacaq.
Vurğulanıb ki, dəyişikliklər istehlakçıların sağlamlığının və hüquqlarının müdafiəsinin gücləndirilməsinə, alkoqollu içkilərin satışı bazarında minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən məhsulların qarşısının alınmasına, habelə yerli istehsalçıların iqtisadi maraqlarının qorunmasına xidmət edir.
Qanun layihələrinin müzakirəsində çıxış edən deputatlar layihələrin əhəmiyyəti, zəruriliyi ilə bağlı fikirlərini bildirib, onların icra mexanizmləri və tətbiqi ilə bağlı bəzi qeydlərini, suallarını və təkliflərini səsləndiriblər.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, İqtisadiyyat Nazirliyinin Tarif-qiymət siyasəti şöbəsinin müdiri Ceyhun Nəcəfov və Dövlət Vergi Xidmətinin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin rəisi Azər Süleymanov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, suallarını cavablandırıblar.
İclasda müzakirə edilən qanun layihələri birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.