!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Allah baba və təbiət ananın ümidinə qalan esktremalçılar - Bəs qurumlar hara baxır?

!Reklam – Yazi

Son 10 gün içərisində itkin düşən ekstremal idmanla məşğul olanların meyitlərinin tapılmasına görə Allah babaya və təbiət anaya təşəkkür edirik. 

Nəticələr buna əsas verir ki, bu idmanla məşğul olanlar demək olar ki, onların ümidinə qalıblar.

Yəqin bilirsiniz ki, dekabrın 27-dən alpinistlər Namin Bünyatov, Babur Hüseynov və Fəridə Cəbrayılza Tufandağa səfər edərkən, aprelin 18-də isə iki gənc – Nüsrət Nəzərzadə və Aqil Təbirli dənizdə məşq etmək üçün rezin qayıq götürərək Xəzər bağları istiqamətinə yollanarkən itkin düşmüşdülər. Onları tək dost olmaları, ekstrimal idmanla məşğul olmaları yox, itkin düşmələri də birləşdirdi…

Mayın 16-da alpinistlərin, 8 gün sonra isə Xəzərdə itkin düşən idmançılarımızın meyitəri tapıldı. Və hər iki hadisədə idmançıların tapılmasında nə Fövqəladə Hallar Nazirliyi, nə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi yox, məhz Allah baba və təbiət ana kömək olub. Günəşə çıx əmriylə buzlar əridi, alpinistlərin cansız bədənini qar gizlədə bilmədi. Və görünən kəndə bələdçi də bu nazirliklər oldu. Quruda tapmadığımızı sudamı tapacağıq deyib, qurunun oduna yaşı da yandırdılar.  Dənizdə itkin düşənlər də eyni aqibəti yaşadı, özləri yaşaya bilməsə də… Dənizə fırtına əmriylə dalğalar çoşdu, daşdı, qayıq “Neft Daşları”na yaxınlaşdı. Baxmayaraq ki, ləpələr öz işini layiqincə görmüşdü, amma çox gec idi, idmançılar artıq ölmüşdü… Nə qəribə – suda susuzluqdan ölmüşdülər… Və yenə də son anda “bələdçi” eyni qurumlar olur. Belə görünür ki, bu sahə ilə məşğul olan qurumlar da iş yerində təbiət ana və Allah babaya dua etməklə məşğuldurlar.

Çünki qurumların “axtarırıq” bəyanatı ABŞ-ın “narahatıq” çıxışından heç nə ilə fərqlənmir. Hər halda nəticə bunu deməyə əsas verir.

İtkin düşən alpinistlərin gedəcəyi marşrutu ilk vaxtlar gizlədib, sonra isə səhv yönləndirməklə yəqin nazirliklər “Allah babanın işinə qarışmayın” demək istəyiblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qoyunçuluq ferması üstündə Fövqəladə Hallar Nazirliyi ilə çəkişməsi olduğundan, axtarışların düzgün aparılmasını onlardan gözləmək bəndənin  nəkarəliyi olardı. Ekstremal idman növü ilə məşğul olanların üzərində siqnalverici cihazların olmamasına, yəqin, nazirliklər “Həzrəti Cəbrayılın vəyhi” inancıyla əsas gətirərlər.

Deyilsə ki, texnika yoxdur, adamın ağzı əyilib qulağının dibində durar. Kəmaləddin Heydərov və eks nazir Hüseynqulu Bağırovun açıqlamalarında müasir və beynəlxalq standartlara cavab verən texnikalarımız var deyə oxuyub, eşitmişik.  Axtarışlarda bu vasitələrdən istifadə edilməyibsə də, bu xarab olmasın, yenə oxuyub, eşidək deyərdi bəlkə də. Əgər edilibsə niyə tapılmayıb, əsl müəmma bundadır deyiriksə, bu dəfə Allahın deyil, nazirliklərin işinə qarışmış olarıq, ki haşa!

Keçək sözün əslinə…

Yazını yazarkən Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının rəsmi saytına göz atıram. Vur çatlasın, çal oynasın. Federsiya Ekstremal turizmin inkişafından dəm vurur:

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası ekstremal turizmin müxtəlif növlərini – piyada turizmi, dağ turizmi, speleo turizm və qış idman növlərini özündə biləşdirir. Federasiyada birləşən klublar vasitəsilə mütəmadi ekspedisiyalar və yürüşlər həyata keçirir. Federasiya həm də marşrutlar, mağaralar, dağlar, çaylar haqqında məlumatları, zəruri avadanlıq əldə etməkdə yardımçı ola bilər”.

Nədənsə bu məlumatda inanacağım tək şey, “zəruri avadanlıq əldə etməkdə yardımçı ola bilər”hissəsi oldu. Çünki bu işin arxasında birbaşa alver var. Almaq və satmaq. “Tapmaq” olsa havalanardım.

Bu şəraitdə ekstremal turizmin adın çəkmək belə günahdır. İdmançılarına sahib çıxa bilməyən, onları təbiətin ümidinə qoyan bir qurum, hansı üzlə ekstremal turizmdən danışır, qəribədir. O bizik ki, yas saxlayırıq, ümid edirik, bəlkə sağdılar deyirik, elin əcnəbisi bunu edərmi? Bəlkə də pis səslənəcək, ancaq xarici ekstremal idmançıların başına belə bir işin gəlməsini (təbii ki, ölüm olmamaq şərti ilə) istəyərdim. Ən azı qurumlarımızın ağzı ovulardı.

İki gənc dənizə çıxır. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi hara baxır? Lap deyək ki, icazə almayıblar, xəbərsiz gediblər, dəniz nəzarətsizdir?

İki idmançının rezin qayığa özlərini bağlamış vəziyyətdə bir ay sonra tapılması dəniz sərhəddimizin necə qorunmasndan da xəbər verir. Suyun altında olsaydılar, bəli, nə desələr, razılıq əlaməti kimi başımızı yelləyərdik. Ancaq onlar suyun üstündə olublar. Necə ola bilər ki, bu qayıq heç kimin rastına çıxmayıb? Yəni, kiçik bir qayıqla hansısa bir terrorçu su yolu ilə ölkəyə gələ bilər? Bir ay rezin qayıqda iki nəfərin cəsədi suda gəzib. FHN Aviasiya dəstəsinin “Mi-17” markalı helikopterinin axtarışa cəlb edildiyini bəyan etdi. Bu helikopter necə axtarış aparıb? Əgər aparıbsa dəniz sahilinə baxıb qayıdıblar. Yox, dənizin 100 km və daha çox içərəsinə dorğu gediblərsə, helikopterdəki mütəxəssilərin gözlərində problem olub. Kor demirəm, xətirlərinə dəyər. Başqa izahı varsa, desinlər bilək.

Uzun sözün qısası qohumluq, kiminsə adamı olmaq da burada işə yaramır, siz yaxşısı Allah adamı olun…

Səxavət Məmməd

www.yenicag.az

2997
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv