Allahşükür Paşazadə ilə Ramzan Kadırov arasında görüş olub
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun dəvəti ilə Qroznı şəhərində səfərdə olub.
QMİ-dən Yenicag.az-a verilən məlumata görə, o, Qroznıda Rusiya Qəhrəmanı Əhməd Kadırov adına Regional İctimai Fondun və İslam Mədəniyyəti, Elm və Təhsilə Dəstək Fondunun birgə təşkilatçılığı ilə keçirilən “İslam sülh və mərhəmət carçısıdır” adlı beynəlxalq dini konfransda iştirak edib.
Əvvəlcə Prezident İlham Əliyevin salamlarını Çeçen Respublikasının başçısı Ramzan Kadırova, bütün çeçen xalqına və konfrans iştirakçılarına çatdıran QMİ sədri bildirib ki, dini liderlərin əsas vəzifəsi xalqlarımızın xoşbəxtliyi və rifahı naminə, qardaşlıq əlaqələrini və müqəddəs dinimiz İslamı gücləndirməkdir: “İnanıram ki, bugünkü konfrans bu müqəddəs əmələ öz töhfəsini verəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qlobal miqyasda multikulturalizm və İslam həmrəyliyi ideyaları uğrunda yorulmadan çalışır. Qonşu dövlətlərlə yaxın münasibətlərin qorunub saxlanılması Azərbaycan Prezidentinin apardığı xarici siyasətin əsas prioritetlərindən biridir. Bu isə Qafqaz xalqlarının daha da yaxınlaşmasına, bölgədəki sülh və sabitliyə, dostluq əlaqələrini, xüsusən də Rusiya ilə Azərbaycan arasında yaxın münasibətləri gücləndirməyə xidmət edir”.
A.Paşazadə deyib ki, Qafqaz xalqları arasında yaxşı münasibətlər qiymətli tarixi irsdir: “Lakin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi istisna təşkil edir. Təəssüf ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü hələ də davam edir, Azərbaycan torpaqlarının iyirmi faizi hələ də bütün beynəlxalq normalara baxmayaraq, erməni ekstremistlərinin işğalı altındadır. Azərbaycan xalqının mədəni və dini mirası məhv edilir. Biz Qarabağ münaqişəsinin ədalətli, sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq həllini tələb edirik”.
Sonra konfrans iştirakçılarının şərəfinə ziyafət verilib. Ziyafət çərçivəsində A.Paşazadə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov ilə görüşüb. Səmimi şəraitdə keçən görüşdə QMİ sədrini çeçen torpağında hər zaman görməkdən məmnun olduğunu bildirən Çeçenistan lideri Azərbaycan xalqına və dövlətimizin başçısına qardaş salamlarını çatdırmağı A.Paşazadədən xahiş edib.
Qrozniya səfəri çərçivəsində QMİ sədri QMİ sədri Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri – Şimali Qafqaz müftiləri ilə də görüşüb, cari məsələlər ətrafında müzakirələr aparılıb.
Daha sonra Beynəlxalq İslam Liqasının Baş katibi Məhəmməd bin Əbdül Kərim əl-İsa ilə görüşən A.Paşazadə onunla İslam aləmində cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparıb.