Alman dilinin tədrisində yeni perspektivlər: ADU-da beynəlxalq konfrans keçirilib – FOTO

Azərbaycan Dillər Universitetində “2030-cu ilədək perspektivlər: alman dilinin müxtəlif üsullarla tədrisi, öyrənilməsi və tədqiqi” adlı beynəlxalq konfrans öz işinə başlayıb.

Yenicag.az xəbər verir ki, Azərbaycan Dillər Universitetində toplaşan orta və ali məktəblərdə çalışan 65 -dan çox alman dili müəllimi praktik dərslərlə bağlı uğurlu nümunələri göstərib və alman dilinin inkişaf perspektivlərini müzakirə ediblər.
Konfransın əsas mövzusu, eyni zamanda, aktual dərsliklər, digital bacarıqların inkişafı, milli, regional və beynəlxalq şəbəkələşmənin təşkili məsələləri  olub.
Konfransın açılış mərasimində çıxış edən “Azərbaycanda Alman Dilini Tədris edən Müəllimlər” İctimai Birliyinin sədri Lətifə Qurbanova tədbir iştirakçılarını salamlayaraq konfransın əhəmiyyətindən danışıb. Azərbaycan və Almaniya arasında təhsil sahəsində əməkdaşlığın daha da dərinləşməsinin zəruriliyini qeyd edən natiq alman dilinin Azərbaycanda tədrisində rast gəlinən çağırışları və bu dilin inkişafı üçün gələcək perspektivləri diqqətə çatdırıb.
Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova ADU-nun beynəlxalq konfransa ev sahibliyi etməklə dil tədrisi sahəsində aparıcı mərkəz kimi mövqeyini daha da möhkəmləndirdiyini vurğulayıb. ADU-da alman dilinin tədrisi vasitəsi ilə mədəniyyətlərarası dialoqun güclənməsinin əhəmiyyətinə diqqət çəkən prorektor universitetin bu cür tədbirlərlə müasir tədris metodlarına dair innovativ ideyalar üçün platforma yaratdığını bildirib. ADU-da alman dilinin tədrisində müasir yanaşmalar, tələbələr üçün yaradılan imkanlar və müəllimlərin inkişafı üçün təşkil edilən proqramların əhəmiyyəti  vurğulanıb. Konfransı alman dilinin tədrisində müasir yanaşmaların inkişaf etdirilməsində vacib addım kimi dəyərləndirən prorektor konfransın işinə uğurlar arzulayıb.
Almaniya ilə Azərbaycan arasında əlaqələrin inkişafını vurğulayan Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann bildirib ki,  konfrans iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinə, alman dilinin Azərbaycanda tədrisi və tədbiqi üçün yeni imkanların açılmasına töhfə verir. Qeyd edilib ki, belə tədbirlər iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və mədəniyyətlərarası anlaşmanın genişlənməsi üçün vacib platformadır.
Konfransda çıxış edən DAAD-ın regional mərkəzinin rəhbəri Gebhard Reul tədbirin əhəmiyyətindən, DAAD-ın bu sahədə gördüyü işlərdən və alman dili müəllimlərinin dəstək proqramlarından danışıb. Yeni tədris yanaşmaları, müasir texnologiyaların tədrisə inteqrasiyası və müəllim hazırlığında beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayan natiq təhsil işçiləri və tələbələr üçün müasir tədris metodlarının tədbiqi, mədəniyyətlərarası mübadilə və yeni tədris materiallarının hazırlanmasının əhəmiyyətini qeyd edib. Alman dili tədrisinin təkcə dil öyrənmək deyil, həm də mədəniyyətlərarası təcrübə qazanmaq imkanı olduğunu vurğulayan Gebhard Reul konfrans iştirakçılarına təşəkkür edərək, alman dilinin Azərbaycanda təbliği istiqamətində müxtəlif layihələrin həyata keçirilməsini dəstəklədiyini bildirib.
“2030-cu ilədək perspektivlər: alman dilinin müxtəlif üsullarla tədrisi, öyrənilməsi və tədqiqi” adlı beynəlxalq konfrans çərçivəsində Almaniyanın Auqsburg universitetindən professor Kristina Peuschel,  Tbilisi Dövlət Universitetindən  professor Tea Petelava, Kiyev Milli Taras Şevçenko Universitetindən professor Mariia İvanytska və İstanbul Türk-Alman Universitetindən Leyla Coşan və digər əcnəbi və yerli mütəxəssislərin plenar məruzələri dinlənilib, müzakirələr aparılıb.