Alman polisinin azərbaycanlılara qarşı “mühacir ovu”: Məşhur hüquq müdafiəçiləri saxlanıldı – SİYAHI
Alman polisi Frankfurt, Köln, Wiesbaden, Koblens vә Düsseldorf şәhәrlərində 13 ev və obyektə basqın edib. Axtarış zamanı xeyli sənəd ələ keçib və 8 nəfər saxlanılıb.
Yenicag.az xəbər verir ki, saxlanılan şəxslər 3-10 min euro məbləğində pula Azərbaycandan Almaniyaya mühacir daşımaqda təqsirli bilinirlər.
İlkin məlumatlara görə, saxlanılanlar arasında “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev və Almaniyada yaşayan siyasi mühacir, müsavatçı Mehdi Xəlilbəyli də var. Qeyd edək ki, Əlövsət Əliyevin oğlu Türkel Rüstəmxanlı atasının saxlanılmasını təsdiqləyib.
Həbs olunan azərbaycanlıların bu şəxslər olduqları ehtimal olunur:
Elçin Əkbərov – Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin9 və 14 saylı cəzaçəkmə müəssisələrinin sabiq rəisi
İlham Həsən – Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri
Mehdi Xəlilbəyli – Avropada yaşayan siyasi mühasir, Müsavat üzvü
Abdin Cavadov – Müsavat AKM üzvü
Əlövsət Əliyev – “Legat” İnteqrasiya Mərkəzinin sədri
Rəşad Məmmədov – siyasi mühacir, Mehdi Xəlilbəylinin sürücüsü
Elşən Abdullayev – Siyasi mühacir.
Maraqlıdır ki, adı çəkilən şəxslərdən Mehdi Xəlilbəyli 15-16 oktyabr 2003-cü il hadisələrindən sonra Almaniyada yaşayır və ən son “Yeni Müsavat”a verdiyi müsahibədə mühacir olmaq istəyənlərə bu ölkəyə gəlməməyi məsləhət görmüşdü.
Müsahibənin həmin bölümünü təqdim edirik:
“M. Xəlilbəylinin söhbətində səmimi nüanslar xeyli diqqət çəkir. Müsahibimiz bu ölkədə hər nə qədər firavanlıq olduğunu desə də, azərbaycanlılara bura gəlməyi məsləhət görmür: “Almaniya Azərbaycandan 4000 kilometr aralıdadır. Bu, bizim səhhətimizə mənfi təsir göstərir. Məsləhət deyil. İlk 3-4 il çox xəstələndik. Azərbaycanda bizim orqanizmimiz tamam fərqli öyrəşmişdi. Yunanıstanda, İtaliyada, İspaniyada heç bir problem olmur. Amma buranın iqlimi fərqlidir.
Mənə kimsə zəng edib deyəndə ki, Almaniyaya gəlmək istəyirəm, deyirəm, gəlmə. Almaniya iqtisadiyyatı Azərbaycan iqtisadiyyatından qat-qat fərqlidir. Bu inkişafı, gəlişmiş alman potensialını güclü beyinlər yaradıb. Bizimki ilə bunlarınkı ayrı-ayrı radiodalğalardır. Ona görə də alınmır. İmkanım olsa geri qayıdaram, Siyaqutda qalaram. Potensialımız zəif olduğu üçün dəmiryollarında yatdığım olub”.
Fakt ilə bağlı araşdırma aparılır.