Yaşıllar Partiyasının siyasətçisi Anton Hofreyter hesab edir ki, Ukraynaya Qərb silahları ilə Rusiya ərazisinə hücum etməyə icazə verilməlidir.
Yenicag.az xəbər verir ki, bu barədə o, “Der Tagesspiegel” nəşri ilə söhbətində qeyd edib.
“Burada söhbət Ukrayna əhalisinin qorunmasından gedir. Ona görə də biz Ukraynanın Rusiya hava məkanında rus qırıcılarının qarşısını almaq üçün təchiz edilmiş silahlardan istifadə etməsinə mane olmamalıyıq”, – Hofreyter bildirib.
“Moskva öz hərbi hərəkətlərini daim uyğunlaşdırır və Ukraynanın zəif cəhətlərindən istifadə edir. Məsələn, Rusiya ordusu gecə-gündüz öz ərazisindən Xarkovu atəşə tutur”, – deyə Hofreyter vurğulayıb.
Alman siyasətçi əlavə edib ki, son vaxtlar Rusiya Silahlı Qüvvələri sürüşmə bombalarından, xüsusən də yaşayış binalarını hədəfə almaq üçün istifadə edir.
“Onlar Rusiya ərazisi üzərindən qırıcı təyyarələrdən buraxılır və hədəfi vurmaq üçün cəmi 40 saniyə çəkir. Bunun qarşısını heç bir hava hücumundan müdafiə sistemi ilə almaq mümkün deyil, çünki hava hücumu siqnalı yalnız zərbədən sonra səslənir”, – deyə o bildirib.
Siyasətçi hesab edir ki, Ukraynanın Rusiya ilə sərhəddə əhalini necə daha yaxşı qoruya biləcəyi ilə bağlı ciddi müzakirələrə ehtiyac var.
Bundan əlavə, Fransa prezidenti Emmanuel Makronun Almaniyaya səfəri öncəsi Anton Hofreyter Berlin və Paris hökumətlərini Ukraynaya dəstəyi genişləndirməyə çağırıb.
Rafi Müslümov