Almaniyanın ən böyük müxalif partiyası olan Xristian Demokrat Partiyası – CDU-nun lideri Fridrix Merz kansler olacağı təqdirdə, Ukraynanın Rusiyaya uzaqmənzilli zərbələr endirməsinə qoyulan məhdudiyyətlərin ləğvini dəstəkləyəcəyini və “Taurus” qanadlı raketlərini yalnız bir şərtlə ukraynalılara təhvil verəcəyini söyləyib.
Yenicag.az yerli N-TV telekanalına istinadla xəbər verir ki, Merz çoxdan gözlənilən “Taurus” qanadlı raketlərini dərhal deyil, tədricən və bir şərtlə Ukraynaya göndərəcəyini iddia edib.
Onun sözlərinə görə, birinci mərhələ Ukraynada mülki hədəflərə zərbələrin endirilməsini dayandırmaq çağırışı ilə Kremlin rəhbəri Vladimir Putinə müraciət olmalıdır.
Merzin sözlərinə görə, daha sonra Rusiya tələbi yerinə yetirməzsə, Berlin Rusiya Federasiyası ərazisində uzaqmənzilli silahlarla zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldıracaq və raketləri ukraynalılara ötürəcək.
“Mən başda bunu belə etməyəcəyəm. Əgər bombalama dayanmasa, bizim üçün ilk addım məsafə məhdudiyyətlərini aradan qaldırmaq və ikinci addım isə “Taurus”ları Ukraynaya çatdırmaq olacaq”, – o, söyləyib.
Xatırladaq ki, Böyük Britaniya, Fransa və ABŞ-nin uzaq mənzilli silahlarını Ukraynaya təhvil verməsinə baxmayaraq, Almaniya ardıcıl olaraq “Taurus” qanadlı raketlərini Ukraynaya verməkdən imtina edib. Belə ki, sentyabrın 21-də Almaniyanın hazırkı kansleri Olaf Şolts Ukraynaya “Taurus” qanadlı raketlərinin tədarükü ilə bağlı çağırışları bir daha rədd edib.
Eyni zamanda, Almaniyanın xarici işlər naziri Annalena Berbok Qərbin Ukraynaya özünümüdafiə üçün uzaqmənzilli raketlər verməsi ideyasını dəstəkləyib.
Rafi Müslümov