“Almaniya Əlövsət Əliyevdən vətəndaşların qanunsuz daşınması səbəbi ilə şübhələnib” – Sabir Rüstəmxanlı

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı qardaşı Əlövsət Əliyevin alman polisi tərəfindən siyasi mühacir alverində şübhələnərək saxlanıldığı faktına münasibət bildirib.

S. Rüstəmxanlı APA-ya açıqlamasında bildirib ki, Almaniya hökuməti Əlövsət Əliyevdən qanunsuz miqrasiya işlərini görmək, vətəndaşların Almaniyaya daşınması səbəbi ilə şübhələnib: “Lakin Əlövsət Əliyev qanunsuz heç bir işlə məşğul olmayıb. Sadəcə ora gedən vətəndaşlarımıza kömək edib. Bu da vətəndaşlarımız xeyrinə olan bir şeydir”.

Qeyd edək ki, Almaniyada siyasi mühacir alverində və saxta sənəd təşkil etməkdə şübhəli bilinən azərbaycanlılar saxlanılıb.

Bu barədə Almaniyada yaşayan Həbib Müntəzir məlumat yayıb.

O bildirib ki, alman polisi Frankfurt, Köln, Viesbaden, Koblens vә Düsseldorf şәhәrlərində 13 ev və obyektə basqın edib: “Axtarış nəticəsində xeyli sənəd ələ keçirilib və 8 nəfər saxlanılıb. Bu şəxslər 3-10 min euro müqabilində Azərbaycandan 20 nəfər mühacir daşıyırlarmış”.

Həbib Müntəzir qeyd edib ki,  Almaniya polisi tərəfindən saxlanılanlardan 7 nəfərinin adını dəqiqləşdirə bilib: “Elçin Əkbərov – Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib;

İlham Həsən – Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri;

Mehdi Xəlilbəyli – Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini;

Abdin Cavadov – Müsavat AKM-in üzvü;

Mehdi Xəlilbəylinin qohumu;

Əlövsət Əliyev – “Legat” İnteqrasiya Mərkəzinin sədri;

Rəşad Məmmədov – Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayan siyasi mühacir;

Mehdinin sürücüsü Elşən Abdullayev – Almaniyada yaşayan siyasi mühacir. DAS üzvü deyil”.