Almaniya enerji böhranı ilə üz-üzədir – Hökumətdən həyəcan siqnalı

Rusiya ilə Ukrayna arasında 4 aydır davam edən müharibə dünyanı böhranla üz-üzə qoyub. Təchizat zəncirlərinin pozulması ilə başlayan taxıl böhranı bütün ölkələri çətin vəziyyətə salsa da, enerji baxımından Rusiya qazından asılı olan dövlətlərdə böyük panika yaşanır. Almaniya bu ölkələr arasında birinci yerdədir.

Yenicag.az xəbər verir ki, Almaniya bu gün qaz tədarükü ilə bağlı üç fazalı fövqəladə hallar planının ikinci mərhələsini işə salıb.

Avropanın ən böyük iqtisadiyyatının böhranla üz-üzə qaldığı bildirilir və Rusiyadan tədarüklərin azalması səbəbindən qış üçün qaz depolama hədəflərinin risk altında olduğunu qeyd edilir.

Almaniya hökuməti bildirib ki, səviyyəni “həyəcan” səviyyəsinə qaldırmaq qərarı iyunun 14-dən etibarən Rusiya qaz axınının kəsilməsi və Ukraynadakı müharibənin səbəb olduğu enerji qiymətlərinin artması ilə əlaqədardır.

Qeyd edilir ki, hazırda ikinci səviyyədə olan həyəcan siqnalının üçüncü və ən yüksək mərhələsi “fövqəladə vəziyyət” səviyyəsidir.