Almaniya kansleri beynəlxalq ictimaiyyəti Türkiyə və Suriyaya kömək etməyə çağırdı

“Türkiyə və Suriyada baş vermiş zəlzələdən bəri ürəyimiz yanır”.

Yenicag.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts tviterdə yazıb.

O bildirib ki, fikri yaralılarla və həyatını itirənlərin yaxınları ilədir: “Bu fəlakətdə dünyasını dəyişənləri geri qaytara bilmərik. Amma onların yaxınlarına, yaralılara və bütövlükdə zəlzələdən zərərçəkənlərə kömək edə bilərik. Çünki əsl dostlar çətin gündə bir-birinə kömək edir”.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4 700-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 39 672 nəfər dünyasını dəyişib.

Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.