!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Almaniya miqrasiya siyasətini sərtləşdirir

!Reklam – Yazi

Almaniya federal hökuməti miqrasiya siyasətində daha sərt qaydaların tətbiqini planlaşdırır.

Yenicag.az “Tagesspiegel” qəzetinə istinadla xəbər verir ki, daxili işlər naziri Nensi Fezer barələrində deportasiya qərarı çıxarılan şəxslərin təhlükəsizlik və digər məsələlərlə bağlı risklər yarandığı təqdirdə ölkədən daha sürətli şəkildə göndərilməsini nəzərdə tutan qanun layihəsini təqdim edib. Nazir bununla Avropa İttifaqının miqrasiya sahəsində islahatlarla bağlı qanununun və hökumətin miqrasiya paketinin sürətlə həyata keçiriləcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, hökumətdə təmsil olunan partiyaların parlament fraksiyaları avqustun sonunda Almaniyanın Solingen şəhərində üç nəfərin ölümü və bir neçə nəfərin xəsarət alması ilə nəticələnən silahlı hücumdan sonra təhlükəsizlik məsələlərindən məsul qurumların səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutan təhlükəsizlik paketi barəsində razılığa gəlmişdilər. Nəzərdə tutulan qanun layihələri ölkədə ictimai asayişi gücləndirməyə və miqrasiya məsələlərində daha təsirli tədbirlərin görülməsinə xidmət edir.

Avropa İttifaqının yeni ortaq miqrasiya sistemini qətiyyətlə həyata keçirmək istədiyini qeyd edən daxili işlər naziri Almaniyanın yeni qanunun qısa müddətdə və geniş miqyasda tətbiq etməsinin zəruriliyini vurğulayıb.

Qanun layihəsinə əsasən, təhlükəsizlik məsələləri və ictimai asayiş üçün risk yarandığı hallarda könüllü qayıdış üçün hər hansı müddət müəyyən olunmamalıdır. Bu qəbildən olan şəxslər dərhal deportasiya edilməlidir.

Qeyd edək ki, Avropada miqrasiya sahəsində islahatlarla bağlı qanun uzun müzakirələrdən sonra may ayında qəbul olunub və onun həyata keçirilməsinə başlanılıb. Həmin islahatlara əsasən, nisbi sabitliyin hökm sürdüyü ölkələrdən gələn miqrantlara qarşı daha sərt tədbirlər görüləcək. Həmin şəxslərin Avropa İttifaqının üzvü olmayan üçüncü ölkələrə də göndərilməsi nəzərdə tutulur.

Hökumətdə təmsil olunan Azad Demokrat Partiyasının (FDP) parlament fraksiyasının sədr müavini Konstantin Kuhle yeni qaydalar barədə bildirib ki, əsas hüquqlara hörmət edərək, təhlükəsizlik qurumlarının səlahiyyətləri müəyyən həcmdə genişləndiriləcək, miqrasiyanın nizamlanması və nəzarətdə saxlanılması gücləndiriləcək.

O deyib ki, yeni qanunlar paketi ilə bağlı əsas məqamlardan biri də miqrasiya sahəsində sui-istifadə və yayınma hallarının ciddi şəkildə azaldılmasının mümkün olmasıdır.

K.Kuhle öz ölkələrinə səyahət edən insanların Almaniyadakı mühacir statuslarını daha asan itirə biləcəklərini deyib: “Zolingendəki cinayət miqrasiya siyasətinin nizamlanması və güclü nəzarət ilə daxili təhlükəsizliyin bir-biri ilə ciddi şəkildə bağlı olduğunu göstərdi”.

Xristian Demokratlar İttifaqının (CDU) lideri və gələn il keçiriləcək seçkilərdə Kansler vəzifəsinə namizəd Fridrix Merts sərhədlərdə miqrantların ölkəyə girişinə icazə verilməməsini tənqid edərək daxili bazarın, cəmiyyətin və ölkənin miqrasiyaya ehtiyacı olduğunu bildirib. O, müharibə ilə əlaqədar ölkələrini tərk edən insanlara yardım göstərilməsinin davam etdiriləcəyini vurğulayıb.

Qeyd edək ki, son on ildə ölkəyə gələnlər arasında cinayətkarlığın səviyyəsi xeyli artıb. Öz ölkələrini tərk etmək üçün ciddi səbəb olmadan Almaniyaya gələn və burada böyük problemlərə səbəb olan gənclərin sayı get-gedə artmaqdadır./Azertag/

COP29

www.yenicag.az

191
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv