Almaniya Prezidenti İlham Əliyevi təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir.

Yenicag.az xəbər verir ki, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident.

Prezidentliyinizin yeni dönəmində Sizə səmimi qəlbdən ali dövləti vəzifənizin icrasında böyük qüvvət, uğurlar və müvəffəqiyyətlər arzu edirəm.

Almaniya gələcəkdə də Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalacaqdır. Biz birlikdə ikitərəfli münasibətlərimizi genişləndirmək istəyirik. Azərbaycan gələcəkdə də həyata keçirilməsi nəzərdə tutulan islahatlar prosesində daim Almaniyanın dəstəyinə güvənə bilər.

Biz Sizin ölkənizlə əməkdaşlığımızı ATƏT və Avropa Şurası kimi qurumların tərkibində davam etdirməyə ümid edirik və məmnuniyyətlə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da güclənməsinə səy göstərməyə hazırıq”.

***

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrik mətnində deyilir:

“Zati-aliləri.

Prezident seçkilərində qələbəniz və dövlət başçısı səlahiyyətlərini yenidən icra etməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük sevinc hissi duyur, dost xalqınızın ümid və istəklərini yerinə yetirmək istiqamətində şərəfli yolunuzun davamında uğurlar arzulayıram.

Sözsüz ki, seçkilərdə yüksək səs çoxluğu ilə qələbəniz xalqınızın Sizin müdrik rəhbərliyinizlə əldə etdiyi uğurları davam etdirmək əzminin əyani sübutudur.

Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız üçün firavanlıq və rifaha yeni üfüqlər açan bütün sahələrdə qarşılıqlı əməkdaşlıq yollarının inkişafının əhəmiyyətini vurğulamaq istərdim.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram”.

***

Mərakeşin Kralı Əlahəzrət VI Məhəmməd də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

“Hörmətli Prezident, Əziz Qardaşım.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Ali dövləti vəzifənizdə uğurlarınızın davamlı olmasını, qardaş Azərbaycan xalqının maraqları naminə və ölkənizi bundan sonra da tərəqqiyə doğru aparmaq fəaliyyətinizdə Sizə yeni-yeni nailiyyətlər arzulayıram.

Azərbaycan xalqı Sizə yenidən etimad göstərərək Zati-alinizin müdrik dövlət xadimi kimi keyfiyyətlərini, eləcə də Azərbaycanın hərtərəfli və davamlı inkişafı istiqamətində apardığınız əzmkar və yorulmaz fəaliyyətinizi çox yüksək qiymətləndirdiyini nümayiş etdirdi.

Ölkələrimiz arasında səmərəli və dinamik inkişaf edən əməkdaşlıq münasibətlərinin indiki səviyyəsindən məmnunluq duyuram.

Zati-aliləri, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığı möhkəmləndirmək istiqamətində Sizinlə işləməyə davam etmək istərdim. Bu isə xalqlarımızın maraqlarına xidmət etməyin və onların arasındakı qardaşlıq əlaqələrinin təcəssümüdür”.

***

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrik mətnində deyilir:

“Cənab Prezident.

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim.

Ümidvaram ki, yeni mandatınız Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin dərinləşdirilməsi, xüsusən də fundamental dəyərlərə və prinsiplərə, o cümlədən siyasi və iqtisadi maraqlarımıza söykənən daha əhatəli yeni ikitərəfli saziş üzrə aparılan danışıqların yekunlaşdırılması üçün zəmin yaradacaq. Bizim vacib hesab etdiyimiz məsələlərin mərkəzində fundamental hüquqlara və demokratik prinsiplərə hörmət hissi dayanır və mən Sizin həmin mühüm dəyərlər istiqamətində qətiyyətli fəaliyyət göstərəcəyinizə əminəm.

Cənab Prezident, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm”.

***

Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrik mətnində deyilir:

“Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Xorvatiya Respublikası ölkələrimiz arasında xalqlarımızın getdikcə daha çox müxtəlif sahələrdəki ortaq maraqlarına xidmət edən tərəfdaşlığı və dost münasibətlərini yüksək qiymətləndirir. İnanıram ki, prezidentliyinizin yeni dönəmində də ölkələrimiz üçün xüsusilə böyük əməkdaşlıq potensialına malik olan və hər iki dövlət üçün mühüm əhəmiyyət kəsb edən iqtisadi və enerji sahələrində sıx münasibətlərimiz davam edəcək. Əminəm ki, Xorvatiya və Azərbaycan şirkətləri arasında əməkdaşlığı genişləndirmək üçün hər iki tərəfdə sərmayə qoyuluşuna maraq oyatmaq xüsusilə çox əhəmiyyətlidir.

Xorvatiya Respublikasına planlaşdırdığınız səfəriniz zamanı Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm və inanıram ki, bu görüşümüz həm ölkələrimiz, həm də vətəndaşlarımız arasında mövcud olan dostluq və konstruktiv əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişaf etməsinə təkan verəcək.

Cənab Prezident, Sizə ən səmimi salamlarımı və ən yüksək ehramımı çatdırıram”.

COP29