Xaricdə yaşayan soydaşlarımızın birliyi üçün mühüm əhəmiyyət kəsb edən Azərbaycan evlərindən daha biri 25 dekabrda Almaniyanın Köln şəhərində açılıb.
Yenicag.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə Komitənin Strateji Yol Xəritəsinə uyğun olaraq yaradılan Köln Azərbaycan evi soydaşlarımızın istifadəsinə verilib.
Kölndəki Azərbaycan evi də, digər şəhərlərdə olduğu kimi, soydaşlarımızla yanaşı Azərbaycan dövlətini və xalqını sevən, milli maraqlarımıza hörmətlə yanaşan hər kəs üçün açıq bir müzakirə məkanı, görüş yeridir.
Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti, Azərbaycanın Almaniyadakı səfirliyinin nümayəndələri, Almaniya Azərbaycanlıları Alyansının üzvləri, diaspor fəalları, soydaşlarımız, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər Azərbaycan evlərinin əhəmiyyətindən danışıb, bu evlərin soydaşlarımızın birliyi, birgə fəaliyyət göstərməsi üçün xüsusi önəm kəsb etdiyini vurğulayıblar.
Tədbir Azərbaycan musiqilərindən ibarət konsert proqramı ilə davam edib.
Xatırladaq ki, Almaniyada daha bir Azərbaycan evi 24 dekabrda Berlin şəhərində açılıb.