Almaniya polisi hazırda ölkə ərazisindəki məscidlərin təhlükəsizliyini fasiləsiz təmin edə bilmir.
Yenicag.az xəbər verir ki, bunu AFR-in Daxili İşlər naziri Horst Zeyehofer etiraf edib.
Nazir deyib: “Dini qurumlar da terrorçuların hədəfinə çevrilə bilər. Real təhlükə olacağı təqdirdə məscidlərin mühafizəsi gücləndiriləcək”.
Ölkənin Daxili İşlər nazirinin bu bədbin bəyanatından sonra müsəlman icmaları öz təmsilçilərinin müdafiəsi məsələsinə diqqəti gücləndirməyi qərara alıblar. Məsələn, Almaniya Müsəlmanları Əlaqələndirmə Şurası mətbuat üçün açıqlamasında bildirib ki, ölkənin hakimiyyət orqanları vəziyyətin ciddiliyini düzgün qiymətləndirə bilmir, müsəlman icmalarının təhlükəsizlik tədbirlərini gücləndirmək çağırışlarına reaksiya vermir. Məlumatda deyilir: “Məscidlərdə partlayışlar törətmək təhdidləri xoşbəxtlikdən həyata keçmədi. Almaniya müsəlmanları indiki şəraitdə öz həyatlarını təhlükəyə qoymadan məscidə gedə bilmirlər”.
Buna görə də Şura məscidlərin təhlükəsizliyini öz nəzarətinə götürür və müsəlmanları islamofobiya zəminində cinayətlər barədə məlumatlandırmağa başlayır./AZƏRTAC/