Almaniyada Novruz bayramı – FOTOLAR

Bu gün Almaniyada yaşayan azərbaycanlılar Vüsalə Musayeva, Rəna Nizami və Tünzalə Rafiqqızı ailəlikcə milli adət-ənənələrə söykənən Novruz bayramı üçün aksiya keçiriblər.

Yenicag.az xəbər verir ki, Novruz adət-ənənələri Almaniyanın Düsüldorf şəhərində yerli əhali və müxtəlif millətləri təmsil edən şəxslərə nümayiş etdirilib.

Aksiyanı təşkil edənlərdən Tünzalə Rafiqqızı bildirib ki, bu işdə onlara Almaniyada yaşayan digər azərbaycanlılardan dəstək gəlməyib:

“Aksiyamıza böyük maraq vardı. Almanlar və digər millətlərin nümayəndələri Novruz bayramı haqqında çoxlu suallar verdilər. Əl işlərimizi, müxtəlif şirniyyatlarımızı çox bəyəndilər. Hətta yayda Bakıya səfər edib, milli geyimlərimizi alacağını deyənlər də oldu. Aksiyaya gələn qonaqlardan bir çoxu bildirdi ki, “indiyə qədər burada yaşayan həmvətənləriniz niyə belə aksiyalar keçirməyib? Demək ki, Azərbaycanın neftdən də qiymətli mədəni sərvəti var”.

Tünzalə Rafiqqızı Almaniyada yaşayan azərbaycanlılara mesaj verməyi də unutmayıb:

“Facebookda cəngavərlik edən söz qəhrəmanları, haradaydınız?! Bu bir siyasi aksiya deyildi, bəli! Amma məntiq ve ağılla düşünsəz, görərdiniz ki, biz ən böyük siyasəti təbliğ etdik – mədəniyyət və incəsənətimizi, folklorumuzu! Sizin cılız siyasi ambisiyalarınız bu gün var, sabah yoxdur. Amma Novruz odlar diyarında, dünyada min illərdir var və min illər sonra da qalacaq! Hər kəsə təşəkkürlər! Novruz Bayramımız mübarək!”.

Azərbaycanlıların təşkil atdiyi aksiyadan fotoları sizə təqdim edirik:

COP29