Almaniyada yaşayan azərbaycanlılardan Merkelə müraciət

Almaniyada yaşayan azərbaycanlılar Almaniya Federativ Respublikasının (AFR) kansleri xanım Angela Merkelə müraciət ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a daxil olan müraciətdə bildirilir ki, Almaniya-Azərbaycan münasibətləri qədim tarixə və qarşılıqlı səmimiyyətə söykənir: “XIX əsrin əvvəllərindən başlayaraq bir neçə alman yaşayış məntəqəsinin Azərbaycanda salınması iki xalqın əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verib. Azərbaycandakı çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələri həmin dövrdə hər iki xalqın çox mehriban və səmimi yaşamasına, həmçinin onların Azərbaycandakı evləri, lüteran kilsələri və memarlıq nümunələrinin bu günədək qorunub saxlanmasına imkan yaradıb”.

Sənəddə qeyd olunur ki, hazırda Azərbaycanda yüzlərlə alman şirkəti fəaliyyət göstərir: “2017-ci ildə Cənubi Qafqaz regionu ölkələri ilə ümumi ticarətdə Azərbaycanın payı, təxminən, 66% olub. Ölkələrimiz arasında ticarət dövriyyəsi 1 milyard dollara yaxındır. Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır və Avropa İttifaqı ilə qarşılqlı hörmət, bərabər tərəfdaşlıq və ümumi maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsi istiqamətində qəti siyasi iradə nümayiş etdirir. O cümlədən Almaniya hər zaman dünyanın beynəlxalq hüquq prinsiplərinə hörmətlə yanaşan, ədalətli mövqeyi ilə seçilən aparıcı bir ölkəsi olub. Ümidvarıq ki, Almaniya bu prinsiplərə sadiq qalaraq ATƏT-in Minsk qrupunun üzvü kimi, bizim üçün əsas məsələ olan Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 20 faiz torpağının azad olunması və işğal edilmiş torpaqlardan məcburi köçkün düşmüş azərbaycanlıların öz torpaqlarına qayıtması, eləcə də Xocalı soyqrımı üçün ədalətin bərpa edilməsi üçün bundan sonra fəaliyyətini daha da gücləndirəcək”.

“Bu gün Almaniya azərbaycanlıların sərbəst və rahat yaşayıb fəaliyyət göstərdiyi inkişaf etmiş bir ölkədir. Almaniya-Azərbaycan və Avropa İttifaqı-Azərbaycan əlaqələrinin hərtərəfli inkişafı hər iki xalqın biri-birini daha yaxından tanıması, azərbaycanlıların Almaniyaya inteqrasiyasının sürətlə və effektli həyata keçirilməsi və onların yaşadıqları ölkənin siyasi, ictimai və mədəni həyatına töhfələr verməsi Almaniyada yaşayan azərbaycanlıların əsas məqsədlərindən biridir. Azərbaycan-Alman münasibətlərinin 200 ildən artıq tarixə malik olmasına baxmayaraq, Almaniya kanslerinin Azərbaycana səfəri tarixdə bir ilkdir. Ümid edirik ki, bu səfər Almaniya-Azərbaycan və Avropa İttifaqı-Azərbaycan əlaqələrində yeni bir mərhələnin əsasını qoymaqla bərabər, iki xalq arasındakı əlaqələrin möhkəmlənməsinə də önəmli töfhələr verəcək. Bu baxımdan, Almaniya kansleri Angela Merkelə Azərbaycana səfərində uğurlar arzu edir və Ermənistana səfəri zamanı bu ölkənin rəhbərliyi qarşısında Azərbaycan ərazilərinin işğalına son qoymağı tələbə etməyə çağırırıq. Biz Almaniyada yaşayan azərbaycanlılar da bu istiqamətdə imkanlarımız daxilindəki bütün dəstəyi verməyə hazırıq”, – müraciətdə vurğulanır.

COP29