Almaniyada yaşayan Türklər tərəfindən Türk-İslam Diyanət İşləri Birliyi (DİTİB) vasitəsi ilə ehtiyacı olan 1500 ailəyə göndərilən yardım paketlərinin paylanmasına başlanılıb.
Yenicag.az xəbər verir ki, yardım paketi Azərbaycanda ehtiyacı olan 1500 ailəni əhatə edir.
Tədbirə Türkiyənin Bakıdakı səfiri Cahit Bağçı, Bakı səfirliyinin Dini Xidmətlər üzrə müşaviri Zeki Yavuzyılmaz, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıb.
Səfir Bağçı mətbuata verdiyi açıqlamada kömək göndərənlərə və fürsəti yaradanlara təşəkkür edib.
Səfir Türk fondları və dərnəklərinin dünyanın hər yerində yaşayan insanların ağrılarını paylaşdığını ifadə edib.
“Yalnız Ramazanda deyil, zəlzələ olar əlləri orada olacaq, müharibə olar əllər orada olacaq, yanğın olsa əlləri orada olacaq. Vicdanları və ürəkləri orada olacaq. Bu inancımızın bir tələbidir. Türkiyədəki bütün yardım təşkilatları bu gün dünyanın ən böyük humanitar yardım təşkilatlarıdır. Qürur duyuruq”, – deyə səfir əlavə edib.
Zeki Yavuzyılmaz, bütün dünyada yaşayan türklərin ürəklərinin “iki dövlət, bir millət” olma əlaməti olaraq Azərbaycan və Qarabağla döyündüyünü söyləyib.