Almaniyada yeni HAKİMİYYƏT KOALİSİYASI: ASDP-nin siyasi ortaqları kimlər olacaq?

Almaniyada ötən gün keçirilmiş parlament seçkilərində qalib gələn Sosial-Demokrat Partiyası (ASDP) mümkün koalisiya ortaqlarını açıqlayıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ASDP lideri Olaf Şolts son 15 ildə hakim siyasi qüvvə olmuş Xristian-Demokrat İttifaqını (XDİ) müxalifətə keçməyə çağırıb.

Şoltsun sözlərinə görə, ASDP yeni koalision hökuməti, əsasən, “Yaşıllar” partiyası və liberallarla qurmaq niyyətindədir.

ASDP lideri XDİ-Xristian-Sosial İttifaqı (XSİ) blokunun yeni hökumət kabinəsində yerinin olmadığını bildirib:

“Üç partiya – ASDP, “Yaşıllar” və azad demokratlar son seçkilərdə öz mövqelərini xeyli yaxşılaşdırıblar. Xalq öz seçimini edib və hökumətə də məhz bu partiyalar daxil olmalıdır”.

Qeyd edək ki, dünən keçirilmiş seçkilərdə ASDP səslərin 25,7, ADİ-XSİ bloku isə 24,1 faizini qazanıb. Sıralamada onları təqib edən “Yaşıllar” partiyası 14,8, Azad Demokratlar Partiyası 11,5 faiz səs toplayıb.