“Alpinist“ oğrular: Onlar general oğlunun evini də qarət ediblər

Bakı Apellyasiya Məhkəməsində evlərdən 2 milyon manatlıq oğurluq etməkdə ittiham olunan Cavid Süleymanov və Əhməd Əhmədov barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb.

Yenicag.az xəbər verir ki, məhkəmə iclasında hökm dəyişdirilib.

Verilən qərara əsasən, Cavid Süleymanovun cəzası  8 ilə, Əhməd Əhmədovun cəzası isə 5 ilə endirilib.

İttihamnaməyə görə, müttəhimlər Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri olmuş Cəlal İsayev və Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi Ceyhun Sultanovun da mənzilini qarət ediblər.

Zərərçəkmişlər arasında uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış general-mayor Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev də var.

Cinayət işinin materiallarından məlum olub ki, alpinizm texnikası ilə mənzil oğurluqlarının üstü general oğlunun evində oğurluq baş verənlərdən sonra açılıb. V. Mirzəyevə 167 min manat ziyan dəyib.

Ümumilikdə isə oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavid Süleymanov 9 il, Əhməd Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.