Artıq iki həftədir ki, qəzaya uğrayan MİQ-29 hərbi təyyarəsindən heç bir xəbər yoxdur. Əslində var, ancaq xəsisliklə verilən o məlumatların məzmunu təxminən belədir: “Axtarışlar davam edir”, “axtarışa canlı qüvvə, müasir texnika cəlb edilib” və s… Müdafiə Nazirliyinin rəsmi saytı isə ara-sıra axtarışların aparılması ilə bağlı içində məlumat olmayan xəbər də yayır.
Burada diqqəti çəkən bir məqam var. O tip xəbərlərə əlavə olunan foto və videolarda xəritənin üzərində koordinatlarla “işləyən” zabitlərin, həmçinin nazir Zakir Həsənovun ərazidə olduğunu əks etdirən görüntülər yerləşdirilir. İlk baxışdan adama elə gəlir ki, axtarışı elə bu şəxslər və sadəcə, xəritə üzərində həyata keçirir.
Bəs axtarışa cəlb olunan gəmi, helikopter, dalğıclar hanı?
Cəmiyyətdə bu axtarışın nəticə verəcəyinə yönəlik inamsızlığı yaradan səbəblərdən biri də elə bu cür təqdimatlardır. Sən suya düşən dalğıcları, dənizin üstü ilə uçan helikopterləri, gəmiləri göstərməlisən ki, əhali axtarışla məşğul olduğunu görsün. Xəritənin üstündə cızma-qara edənləri göstərməklə, kiməsə inandıra bilməzsən ki, ciddi axtarış gedir. Zakir Həsənovun yaradılmış əməliyyat qərargahına gəlməsini qabartmaqla axtarışın tam ciddiyyətlə aparıldığına inandırmaq mümkün deyil.
Əslində, bu ölkədə böyük itkilərin tapılması ənənəsi də yoxdur. Uzağa getməyək, yaxın tarixdə baş vermiş iki-üç hadisəni xatırladaq. Hər kəsin yadındadır. 3 alpinist – Namin Bünyatov, Babur Hüseynov və Fəridə Cəbrayılzadə itkin düşərək, 5 ay qarın altında qaldı. Onların tapılmamasına “hava şəraiti imkan vermir” bəhanəsilə don geyindirdilər. Alpinistlərin cəsədi isə yalnız qar əridikdən sonra tapıldı.
Əsəb və qıcıq yaradan nədir?
Alpinistlər itkin düşəndə də, indikinə bənzər şou yaradılmışdı. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun helikopterlə əraziyə gəlişi təbliğ olunurdu. Mətbuat nümayəndələrini də helikopterlə tur gəzintisinə aparmışdılar…
Hətta axtarışlara yardım göstərməsi üçün Avstrailyadan peşəkar alpinist də gətirmişdilər. Milyonlarla dövlət vəsaiti ilə alınan texnikalar, xaricdən gətirilən mütəxəssislər hamısı qaldı “ofsayd”da. Onların işini günəş gördü, şüalarını saldı və cəsədlər üzə çıxdı.
Alpinistlərin cəsədlərinin tapılmasından 1 ay əvvəl isə Xəzərdə itkin düşən iki gənc idmançı – 17 yaşlı Nüsrət Nəzərzadə və 15 yaşlı Aqil Təbirlinin meydləri tapıldı. Xəzərdə itkin düşən idmançıların cansız bədənləri rezin qayıqda “Neft daşları” yaxınlığında aşkarlanmışdı. Əslində, bunu tapılmaq yox, qayığın “öz ayağı” ilə gəlməsi adlandırmaq daha doğru olardı.
Yenə təbiət, külək əsir, ləpələr rezin qayığı platformaya tərəf gətirir. O iki gəncin axtarışı ilə sözügedən nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin əməkdaşları məşğul olurdular. Hətta nazirliyin Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri də əməliyyatlara cəlb olunmuşdu. Bu qədər kontingentin faydasız səylərinə baxmayaraq, dənizdə itkin düşənlər yenə tapılmamışdı.
İşin ən ürək ağrıdan tərəfi ondadır ki, gənclər susuzluqdan ölmüşdülər.
Belə olan halda sual yaranır, o qədər texnika, canlı qüvvə həmin gənclərin axtarışı ilə harada və necə məşğul olub? Bəlkə dənizdə ağac-zad bitir, qayıq da ağacın kölgəsində gizlənibmiş?
Hələ bu harasıdır, Naxçıvanda bir çavuş və bir əsgərimiz də qar uçqununa düşmüşdü. Onların da cəsədləri axtarış sayəsində tapılmadı.
İndi də 14 gündür, qəzaya uğramış “MiQ-29” axtarılır. Bu işə də çox sayda texnika və canlı qüvvə cəlb olunub. Ancaq yenə də “təyyarəni gördüm”, – deyən yoxdur. Axtarışlara yardım üçün Türkiyədən mütəxəssislər dəvət olunub.
Burada maraqlı bir nüans da var. Təyyarələrdə İLS, naviqasiya sistemi, GPRS var. Eyni zamanda, hava hücumundan müdafiə sistemləri də bütün uçuş aparatlarını müntəzəm izəyirlər. Yəni həmin sistemlərin qəzaya uğramış “MiQ-29”-u gözdən qaçırmaları mümkün deyil.
Bu təyyarə yer ayrıldı, yerə girdi?
Bir qrup mütəxəssis isə səmərəsiz işlərinə haqq qazandırmaq üçün axtarış aparmağın çətin olduğunu deyir. Onlar bu bacarıqsızlığa haqq qazandırmaq üçün müxtəlif ölkələrdə baş vermiş analoji qəzaları durmadan misal çəkir. Sadalanan və sadalanmayan hadisələr göstərir ki, təbiətin yardımı olmadan heç bir itkimiz tapılmır. Əgər bu işlərlə təbiətin özü məşğul olacaqsa, o halda ölkənin konkret dövlət qurumlarına nə ehtiyac var? Yaxşı, tutaq ki formallıq xatirinə o qurumlar olmalıdır. Bəs onda istifadə edilməyən, edilə bilməyən o texnikalara dövlətin on milyonlarla pulu niyə xərclənir?
Yəqin ki, səbəbini alanlar bilir…
Səxavət Məmməd