Altı miqrant Kanar adalarına çatmaq istəyərkən HƏLAK OLDU

Ən azı altı miqrant Qərbi Afrikadan qeyri-sabit qayıqlarla İspaniyanın Kanar adalarına çatmağa çalışarkən həyatını itirib.

Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” ölkənin fövqəladə hallar xidmətləri və Qırmızı Xaç Cəmiyyətinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, dekabrın 11-də, çərşənbə günü, Qərbi Afrikadan Kanar adalarına doğru yola düşən qayıqlarda azı altı nəfər miqrant həyatını itirib.

Fövqəladə hallar rəsmiləri bildiriblər ki, El Hierro adasına çatmış bir qayığın göyərtəsindəki 65 miqrantdan beşi ölü tapılıb. Digər bir miqrant isə İspaniya sahil mühafizəsi tərəfindən xilas edilən başqa bir qayıqda ölü tapılıb.

Qırmızı Xaç Cəmiyyətinin məlumatına əsasən, bu il El Hierroya 20 minə yaxın qeyri-qanuni miqrant gəlib. Bu, arxipelaqlara ümumilikdə çatan 40 mindən çox miqrantın təxminən yarısını təşkil edir.

Son zamanlar Kanar adalarının hökumət rəhbəri Fernando Klavixo bildirib ki, regional hakimiyyət orqanları Madridin miqrasiya böhranını həll etmək öhdəliyindən imtina etdiyinə görə İspaniya hökumətinə qarşı hüquqi tədbirlər görməyi nəzərdən keçirir. İspaniya hökuməti isə Kanar adalarında və Şimali Afrikadakı Seuta anklavında miqrasiya böhranını yüngülləşdirmək üçün müvəqqəti “strateji plan” hazırladığını elan edib. Dekabrın əvvəlində İspaniya Daxili İşlər Nazirliyi məlumat verib ki, yanvarın 1-dən noyabrın 30-dək Qərbi Afrikadan Kanar adalarına gələn miqrantların sayı illik rekord səviyyəyə çatıb.