AMAY Şirkətlər Qrupunun prezidenti Abdulla Abdullayevin həbsi gündəmin əsas mövzularından biri olaraq qalır. Abdulla Abdullayevin həbsi barədə Baş Prokurorluq məlumat yayıb. Məlumatda deyilir ki, Iqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan A.Abdullayevlə bağlı daxil olan material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində araşdırılıb. Ilkin araşdırma zamanı toplanan sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Bu günlərdə Baş Prokurorluq başqa bir iş adamının həbsi barədə məlumat yaymışdı. Söhbət “Meridian Company” MMC-nin təsisçisi Rauf Kərimovdan gedir. 2002-ci ildə yaradılan “Meridian Company” nəqliyyat şirkətidir və Rauf Kərimov da “Qaradağ Sement” ASC-nin əsas nəqliyyat partnyorlarından olub. Həmin vaxt “Qaradağ-Sement” Cəlal Əliyevin patronajlığı altında fəaliyyət göstərib. Deməli, Rauf Kərimovun da Cəlal Əliyevlə hansısa bağlılığı olub. Abdulla Abdullayev də Cəlal Əliyevin yaxın adamlarından biri olub.
AZERİNFO.ORG-a daxil olan məlumat da bildirilir ki, “Amay Abdulla” uzun zamandan bəri Bakıda deyilmiş. O, daha çox Çindəki obyektlərinin fəaliyyəti ilə məşul olur, buradakı işlərini isə adamları idarə edirmiş. Bakıya qayıdış səbəbi isə adamlarının verdiyi xəbər olub. Belə ki, adamları hakimiyyətlə danışıqların nəticə verdiyini və artıq həbs təhlükəsinin olmadığı bildiriblər. Ondan istənilən obyektlərlə bağlı qiymət razılaşması da əldə edilib. Lakin Abdulla Abdulayev Bakıya qayıtdıqdan sonra Qaradağdakı zavodla bağlı qiymətlə razılaşmadığını bildirib, yenidən köhnə qiymətə yaxın bir pul tələb edib. Hakimiyyət də oyun şərtlərini pozan Abdulla Abdullayevi belə cəzalandırıb.
Əsas məsələ isə ondadır ki, Abdulla Abdullayevin milyon dollarlarla ölçülən külli miqdarda borcu var və bu borc sadəcə öz adına deyil. O, ətrafındakı iş adamlarının adına müxtəlif banklardan və investisiya qurumlarından milyon dollarlarla kreditlər çəkib. Bu gün evini, bağını, bütün varidatını Abdulla Abdullayevə güvənərək, girov qoyan iş adamları var. Bu səbəbdən də Abdulla Abdullayevin həbsdən çıxa bilməməsi onların da sonunu gətirə bilər. Yəni, ya Abdulla Abdullayev oyunu qaydasına görə, oynayacaq, ya da hakimiyyətlə anlaşmaya getməyərək, bu iqtidarın sayəsində qazandıqlarının üstünə yatacaq. O zaman bəlkə 5-10 ildən sonra azadlğa çıxa biləcək, lakin o zaman çərçivəsində ona güvənən iş adamlarından çoxu həyatda olmayacaq.