AMB: “Bank sektorunun valyuta mövqeyi prudensial tələblər çərçivəsindədir”

Bu il iyulun 1-nə Azərbaycanda bank sektorunun valyuta mövqeyi prudensial tələblər çərçivəsində olub.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “2024-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı”nda bildirilir.

Sənədə əsasən, sektorun uzun açıq valyuta mövqeyi 202 milyon manat, bunun nisbəti isə 3,5 % təşkil etməklə normativ tələblər çərçivəsində olub.

“Banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi Qaydaları”na əsasən sərbəst dönərli valyuta üzrə məcmu açıq valyuta mövqeyinin bankın məcmu kapitalına nisbəti üzrə maksimum limit 20 % (1 valyuta üzrə 10 %) təşkil edir.

AMB qeyd edib ki, sektor üzrə dedollarlaşma prosesində sabitləşmə müşahidə edilir: “6 ayıda sektorun kredit portfelinin dollarlaşması 0,8 faiz bəndi azalaraq 18 % (tarixi minimumlar) olub. I yarımildə depozit portfelinin dollarlaşması 0,3 faiz bəndi artaraq 38,7 % təşkil edib.

Yarım ii ərzində depozit portfeli üzrə dollarlaşmanın əsas hərəkətverici qüvvəsi hüquqi şəxslərin tələbli və fiziki şəxslərin müddətli depozitləri olub. Hüquqi şəxslərin tələbli depozitləri üzrə dollarlaşma 0,5 faiz bəndi artaraq 36,8 % təşkil edib. Xarici valyutada hüquqi şəxslərin müddətli depozitləri isə 2,7 faiz bəndi azalaraq 56,5 % olub. Hüquqi şəxslərin xarici valyutada olan tələbli depozitlərində artımın əsas səbəbi əsasən neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərin əməliyyatları ilə bağlıdır. Cari ilin əvvəli ilə müqayisədə I yarımildə fiziki şəxslərin müddətli depozitləri üzrə dollarlaşma 1,2 faiz bəndi artaraq 35,5%, tələbli depozitləri üzrə isə 0,5 faiz bəndi azalaraq 33,1 % olub.

COP29