AMEA aliminin yeni kitabı nəşr olunub – Foto

42239AMEA M. Füzuli adına Əlyazmalar institunun gənc alimi, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənovun yeni, maraqlı, oxunaqlı “Məhəmməd peyğəmbərə kömək etməyin yüz yolu” adlı elmi, kütləvi, dini kitabı nəşr olunmuşdur. Bu müəllifin dördüncü kitabıdır.

Əkrəm Həsənov bu kitabçanı qələmə aldıqdan sonra ilahiyyat sahəsində yazanlar, mütəxəssis olanların bəziləri ilə əsəri tanış etmişdir. Ümumi olaraq əsər müasir və aktual məsələlərə toxunduğu üçün bir çox mütəxəssislər tərəfindən bəyənilib və müsbət rəylər verilib. Kitabın ön sözündə müəllif kitabın yazılması haqqında, kitaba bu adın verilməsinin səbəbləri haqqında açıqlama gətirmişdir. Həmçinin ön sözdə kəlimeyi şəhadətin ikinci tərəfi olan Peyğəmbərə imanın məqbul ola bilməsi, tövhid kəliməsinin ikinci hissəsinin gerçəkləşməsi və “Məhəmməd (ona və ailəsinə salam olsun) Allahın elçisidir” şahidliyinin qəbul oluna bilməsi üçün hər müsəlmanın bu mənanı gerçəkləşdirməyə çalışması və Peyğəmbərə kömək etməyin vacib olmasını bildirmişdir.

Kitabın yazılmasında əsas məqsəd bu gün Məhəmməd peyğəmbərə (s.ə.s) olan hücumların qarşısında onu necə müdafiə etməyin yollarının göstərilməsidir. Məhəmməd peyğəmbərə qarşı çıxan, dünyanın müxtəlif yerlərində Onun karikaturlarını düzəldib yayan, Onu dərindən tanımayan insanlara qarşı Peyğəmbəri necə müdafiə etməyin yolları aşılanır. Hər kəs öz ixtisasına uyğun olaraq hansı işi görməsi, öz sahəsinə uyğun Peyğəmbərə necə kömək etməsi kitabda bənd-bənd göstərilir.
Fərdi, ailə və cəmiyyət, təlim və təhsil, imamlar, islam dəvətçiləri, elm əhli, alimlər, axundlar, ziyalılar və fikir adamları, media mənsubları, müxtəlif qurumlar, xeyir qurumları, internet işçiləri və sayt sahibləri, zənginlər və imkanlı şəxslər səviyyəsinə Məhəmməd peyğəmbərə (s.ə.s) kömək etməyin yolları, üsulları, bəndləri bu kitabçada qeyd olunur. Məhəmməd peyğəmbəri necə tanımaq, onun özünə, səhabələrinə, əhli-beytinə necə hörmət göstərmək, onları yaşadığımız cəmiyyətə necə təqdim etmək haqqında məlumatlar verilir. Peyğəmbərin sünnəsini öyrənmək, əhli-beytinin yolunu öyrənmək, onlara sevginin hansı formada təzahür edilməsi bu kitabda oxuculara çatdırılır.

Məhəmməd peyğəmbəri (s.ə.s) yaxşı tanımaq üçün hansı addımların atılacağı, Ona nazil olunan vəhyin əsas götürülməsinin vacib olmasını, onun sünnəsi (yolu) ilə getməyin, Onun şəxsiyyətini tanımağın metodları bəndlər şəkilində açıqlanaraq oxucuda Allahın elçisinə qarşı sevgi yaradır, Onu tanımağın yolları və istiqamətləri işıqlandırılır. Ailədə Peyğəmbəri tanımaq üçün nələr etmək lazım olduğu bəndlər halında verilir. Universitetlərdə, institutlarda, ali və orta təhsil müəssisələrində görüləcək işlər işıqlandırılır. Kütləvi informasiya vasitələrinin bu işdə görəcəyi vacib işlər bəndlər halında izah olunur. Müəllif kitabın sonunda hər kəsin üzərinə düşən vəzifəni qeyd edir. Bildirir ki, hər kəsin gücü çatdığı qədər Allah tərəfindən öz seçilmiş Peyğəmbərinə, Məhəmmədə (s.ə.s) kömək etməsi vacib, lazım olduğu üçün bu kitabça hazırlanıb.

Müəllif kitabın bir bəndində qeyd edir ki, həyatda rastlaşdığın hadisələrin üzərində duraraq ibrətlər alıb, dərslər çıxarmaq, hər hadisədən çıxarılan nəticələrdən faydalanmaq və bu nəticələri həyatımızla əlaqələndirməyə çalışmaq surəti ilə Məhəmmədin (ona və ailəsinə salam olsun) həqiqi həyat heykayəsini (Siyəri-Nəbi, Peyğəmbərin Həyatı) oxumaq da ona kömək etməkdən sayılır. Hər bir bəndi oxucu üçün xüsusi istiqamət verir ki, bu da kitabın həqiqətən də maraqlı olmasına zəmin yaradır. Dil üslubu yorucu deyil. Oxunaqlı və maraqlıdır. Kitab Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin icazəsi ilə nəşr olunub.