Amerika bombalarının parçaladığı rus muzdluları – Putin vətəndaşlarını qorumaqda acizdir

Mətbuatın yazdığına görə, Rusiya vətəndaşlarını Suriyada muzdlu əsgər kimi xidmətə göndərən özəl hərbi şirkətlərdən birinin rəhbəri “France 24” kanalına anonimlik şərti ilə sensasion müsahibə verib.

Bu müsahibəsində həmin şəxs muzdlu hərbçi qismində Suriyada döyüşən Rusiya vətəndaşlarının bu yaxınlarda Amerika qüvvələri tərəfindən hücuma məruz qalaraq, həlak olmasını ölkəsi üçün nə dərəcədə böyük bir rüsvayçılıq olmasından danışıb. Onun sözlərindən həmçinin, belə məlum olur ki, hər həftə Suriyada muzdlu kimi döyüşmək üçün beş-altı nəfər müraciət edir.

Amma onun sözlərinə görə, ABŞ qüvvələri Əsəd dəstələrinə zərbə endirəndən bəri, Rusiya muzdluları arasında əhval-ruhiyyə bir qədər dəyişib. Bu da ondan irəli gəlir ki, zərbəyə məruz qalan Əsəd qüvvələrinin sıralarında yüzlərlə Rusiya muzdlusu da həlak olub. Bu fonda özəl hərbi şirkətin rəhbəri onu da qeyd edib ki, indi adamlar bu zərbəyə görə qisas almağın vacibliyindən danışırlar.

Həmin şəxs “France 24” kanalına açıqlamasında onu da etiraf edib ki, amerikalıların son aviazərbəsi nəticəsində 210 rus öldürülüb. Hansı ki, müsahibə verən şəxsin açıqlamasına görə, Rusiya nizami qoşunlarının ABŞ koalisiya qüvvələrinin sözügedən hücumundan xəbəri olub.

“Washington Post” qəzetinin ötən həftə yazdığına görə, Kremlə yaxın oliqarx Sergey Priqojin rusiyalı muzdluların da iştirak etdiyi bu hücuma Kremldən icazə alıbmış. Həmin hərbi emissar onu da söyləyib ki, Rusiya özəl hərbi şirkətlərindən birinin soyuducularında xurd-xəşil olmuş 150-dək muzdlu əsgərin meyiti saxlanır. O, deyib ki, bu meyitləri yalnız Rusiyada mart seçkisi keçiriləndən sonra ailələrinə verəcəklər.

Məsələni Yenicag.az-a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, əslində, Rusiya muzdlu hərbçilərinin Suriyada Əsəd rejimi tərəfində vuruşduqları heç kimə sirr deyil:

“İllər öncədən bəllidir ki, Rusiyada “Vagner” adında hərbiləşdirilmiş təşkilat var. Bu hərbiləşdirilmiş təşkilat da Rusiya nizami ordusu ilə yanaşı Suriyada hərbi əməliyyatlarda iştirak edib və edir. Fərq sadəcə ondan ibarətdir ki, həmin hərbiləşdirilmiş təşkilatlar Rusiya ordusuna tabe deyil. Bu muzdlular pulla işləyir və onun əsasında da Əsəd hökumətinin sifarişlərini yerinə yetirir. Onların arasında ölən olanda da Rusiya hökuməti buna görə məsuliyyət daşımır.

Bu günlərdə Amerika bombardmanı nəticəsində onlarla rus muzdlusu öldürüldü. Onu da qeyd edim ki, təkcə Rusiyada sözügedən hərbçilərdən istifadə olunmur. Belə bir praktikadan yeri gələndə ABŞ da yararlanır. Bu ölkədə də hərbiləşdirilmiş şirkətlərin üzvləri müqavilə əsasında Əfqanıstan və İraqda xidmət edir. Suriyaya Rusiyadan muzdlu olaraq gəlmək istəyənlər indinin özündə də var. Görünür, onlara yaxşı maaş vəd edirlər. Ona görə də bəziləri öz talelərini risk altına qoyaraq, Suriyaya gələrək, guya terrorçularla mübarizədə iştirak etmək istəyirlər.

ABŞ-ın sözügedən bombardmanı əslində, ona xidmət edirdi ki, Rusiyada Putin hökumətinin öz vətəndaşlarını qorumadığını, onları müdafiə etmədiyini anlasınlar. Rusiya prezidenti də bu məsələdə heç bir fikir söyləyə bilmədi. Yalnız onu dedilər ki, bombardman nəticəsində ruslar da ölüb. Amma hökumət bu müstəvidə vətəndaşlarını müdafiə edə bilmədi. Çünki onlar burada qeyri-qanuni fəaliyyət göstərir və rəsmi surətdə Rusiya dövlətinə də bağlılıqları yoxdur.

Hökumətin bu əsasda onların müdafiəsinə qalxması isə Moskvanın qeyri-qanuni fəaliyyətə dəstəyi kimi qəbul ediləcəkdi. Suriyada ölən rus muzdlu və ya nizami ordu hərbçilərin sayının çox olması istər-istəməz hökumətin imicinə xələl gətirə bilər. Belə ki, bu fonda hökumətin öz vətəndaşlarını qoruya bilməməsi və bu məsələyə biganə yanaşdığı imici formalaşar. Bu mənada da Rusiya hökumətinin ABŞ-ın həmin addımına ciddi reaksiya verərək, qisas alacağına da inanmıram. Ona qalsa, yüzlərlə rus muzdlusu Donbas separatçıları tərəfindən Ukraynada da öldürülüb. Hələ o zaman da baş verən bu olay Rusiya hökumətinin öz vətəndaşlarını qorumaq istiqamətində məsuliyyətini artırmadı. Suriyaya da bir çox Rusiya vətəndaşını böyük pul vədilə aldadaraq gətiriblər. Bəzən də aydın olur ki, heç onlara həmin pulu vermirlər. Versələr də məbləğ vəd ediləndən dəfələrlə az olur ”.

ELÇİN