“Amerika bu təzyiqlərlə Türkiyəni küncə sıxışdıra bilməz” – AKP millət vəkili – Özəl

“Biz dövlət və millət olaraq, öz dəyərlərimizdən, doğru bildiklərimizdən geri çəkilmərik”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ-ın Türkiyəyə iqtisadi xarakterli təzyiqləri artırması fonunda yaranmış vəziyyəti dəyərləndirən Böyük Millət Məclisində (TBBM) hakim AKP-ni təmsil edən Azərbaycan əsilli deputat Şamil Ayrım deyib.

Şamil Ayrım qeyd edib ki, ABŞ Türkiyəyə yönəlik məlum təzyiqləri rahib Bransonla əlaqələndirməyə çalışsa da, əslində, məqsəd tamam başqadır:
“Amerika Türkiyəyə qarşı əsassız olaraq, iqtisadi savaşa başlasa da, heç nəyə nail olmadı, İnşallah, olmayacaq da. Türkiyə güclü dövlətdir və bu basqılardan sonra görülən əks tədbirlər nəticəsində vəziyyət sabitləşməkdədir. Burada əlbəttə ki, qardaş Azərbaycanın və digər dost dövlətlərin dəstəyini də qeyd etmək lazımdır.

Rahib Branson məsələsinə gəldikdə, aydın məsələdir ki, Amerikanın əsas dərdi heç də o rahib deyil. Onların açıq deyə bilmədikləri başlıca tələbləri tamam başqadır. Bildiyiniz kimi, rahib Branson da başqa bir çox xəfiyyələr kimi ədalətli qaydada mühakimə olunub və məhkəmə də onların cəzasını müəyyənləşdirib.

Yadınızdadır, Türkiyə FETÖ terror şəbəkəsinin lideri Fətullah Gülənin təhvil verilməsi üçün çoxsaylı sübut təqdim etsə də, Amerika bu haqlı tələbimizi yerinə yetirmədi. Amerika belə düşünürdü ki, Türkiyəni küncə sıxışdıra biləcək və istədiklərini asanlıqla əldə edəcək. Ancaq Türkiyə güclü dövlətdir, xalqı da çox qürurludur. Biz dövlət və millət olaraq, öz dəyərlərimizdən, doğru bildiklərimizdən geri çəkilmərik.

Amerika da, digərləri də unutmamalıdırlar ki, Türkiyə regionun güclü dövləti olaraq, sürətlə inkişaf edən, böyüyən iqtisadiyyata malikdir. Ölkəmizin nefti, qazı olmasa da, qətiyyətli əzmi var. Amerika bunları bilməlidir.

Hazırda dünyada həyata keçirilən on ən iri layihənin altısı məhz Türkiyədə icra edilməkdədir. Bu sırada İstanbulda üçüncü hava limanı, Avrasiya tuneli və digər layihələri qeyd edə bilərəm. Bir daha deyirəm, bu cür təzyiqlərlə Türkiyəni küncə sıxışdırmaq mümkün deyil”.

A.Zeynalov