“ABŞ-ın Suriyadakı proseslərlə verdiyi strateji qərarlar da əksər hallarda intuitiv xarakter daşıyır”.
Bu fikirləri Yenicag.ru-ya müsahibəsində tarix elmləri doktoru, Rusiya Strateji Qiymətləndirmə və Proqnoz Mərkəzinin direktor müavini İqor Pankratenko deyib.
İqor Pankratenkonun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp sələfi Barak Obamanın buraxdığı səhvlərin girovuna çevrilib:
“Fikrimcə, vaxtilə ABŞ Yaxın Şərqdə indi Trampın vəziyyətini çətinləşdirən üç kobud səhvə yol verib: İraqa müdaxilə; “Ərəb baharı”nın dəstəklənməsi və indi Türkiyə ilə münaqişəyə girmək.
Ümumiyyətlə, ABŞ-Türkiyə gərginliyi bəzi hallarda Ərdoğan-Tramp qarşıdurması xarakteri də alır. Qeyd edək ki, Tramp bu “mina”nı öz sələfindən, Nobel mükafatı laureatı Barak Obamadan alıb. Belə düşünürəm ki, Tramp hakimiyyətə gəldiyi ilk vaxtlarda həmin “mina”nı zərərsizləşdirmək istədi. Ancaq bunu etməyə ona imkan vermədilər. Amerika “dərin dövləti”, antiTürk lobbilər və hətta Trampın kürəkəni Türkiyə ilə münasibətləri qəsdən daha da gərginləşdirərək, alova yağ tökdülər.
O baxımdan, qeyd etdiyim səhvlərin acı nəticələri özünü hələ çox göstərəcək. Həmin qüvvələr Trampın ilk prezidentlik müddətini artıq “zəhərə döndəriblər” və məlum deyil, yaxın illərdə həmin zəhəri təmizləmək mümkün olacaq, ya yox?
Digər tərəfdən, ABŞ-ın Suriyadakı proseslərlə bağlı verdiyi strateji qərarlar da əksər hallarda intuitiv xarakter daşıyır və İranın o ölkədən çıxarılması, eyni zamanda, Rusiyanın maksimum zəiflədilməsi düşüncəsinə əsaslanır. Ancaq bu qərarların icrası üçün vaxt lazımdır – o da ki artıq yoxdur”.
Pankratenko bildirib ki, Körfəzin ərəb monarxiyaları sadəcə, İranın çökdürülməsi naminə Yaxın Şərqdə yeni düzən qurulması prosesində fəallıq göstərirlər və bu məqsəd üçün milyardlarla pul xərcləyirlər:
“Yaxın Şərqin “demontaj”ı prosesində ərəb dövlətləri əsas rollardan birini oynayırlar. Ancaq onların bu çərçivədəki fəaliyyəti əksər hallarda müzakirələrin və medianın əsas mövzusuna çevrilmir. Burada Yəməndə davam edən müharibəni, Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirliklərinin “kiçik, lakin məğrur” Qətərlə qarşıdurmasını və sair məsələləri qeyd edə bilərik. Bununla belə, Səudiyyə Ərəbistanında gedən daxili proseslər publikanın diqqətini daha çox cəlb edir.
Lakin bütün bu məqamlar Körfəzdəki monarxiyaların regionda və ondan kənarda baş verən proseslərdə iştirakına mane olmur. Bunu söyləmək kifayətdir ki, həmin monarxiyalar ABŞ və müttəfiqlərinin Suriyadakı xərclərinin az qala yarısını ödəyirlər, Fələstin məsələsində ABŞ və İsraillə əl-ələ işləyirlər, Misir, Liviya, Əfqanıstan, Pakistan, hətta Tacikistanda mövcuddurlar. Bu fəallıqda əsas məqsəd isə İranın çökdürülməsi və Yaxın Şərqdə təsir imkanlarını artırmaqdır”.
Söhbətləşdi: Qafqaz Ömərov