Amerika seçkiləri: Tramp yenə Konqresdən asılı vəziyyətdə qaldı

ABŞ-da ötən gün keçirilmiş aralıq seçkilərinin ilkin nəticələri açıqlanıb.

Yenicag.az xəbər verir ki, ABŞ-da noyabrın 6-da keçirilmiş aralıq seçkilərində vətəndaşlar 100 nəfərlik Senata 33 yeni senator, Nümayəndələr Palatasının isə bütövlükdə yeni tərkibini seçiblər.

Seçkilərin nəticələrinə əsasən, respublikaçılar 51 senator yeri əldə etməklə, Konqresin yuxarı palatası – Senatda üstünlüklərini qoruyub saxlamağa nail olublar. Demokratlar isə 43 yerlə kifayətləniblər.

Əvəzində demokratlar Nümayəndələr Palatasına seçkilərdə 209 mandat əldə edərək, 194 yer qazanmış respublikaçıları üstələyiblər. Bununla belə, Nümayəndələr Palatasında nəzarəti təmin etmək üçün demokratların bu say üstünlüyünü 218-ə qaldırmaları tələb olunur.

Bütün dünyanın maraqla gözlədiyi aralıq seçkilərinin açıqlanan bu nəticələri nə qədər gözlənilən idi? Senat və Nümayəndələr Palatasında yaranmış respublikaçılar-demokratlar nisbəti ABŞ-ın daxili və xarici siyasətinə necə təsir göstərəcək.

ABŞ-da keçirilmiş aralıq seçkilərinin nəticələrini Yenicag.az-a şərh edən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, açıqlanan rəqəmlər Amerika siyasi sistemi üçün ənənəvi sayılan balans praktikasının davam etməsinin təsdiqidir:

“Amerikada baş tutan aralıq seçkilərindən əvvəl nəticələrlə bağlı verilən proqnozların özünü doğrultduğunu söyləyə bilərik. Ümumiyyətlə, ABŞ tarixində belə qəbul olunub ki, prezident hansı partiyanı təmsil edirsə, Konqresdə say üstünlüyü rəqib partiyaya məxsus olur. Doğrudur, müəyyən istisnalar olsa da, sistem əsasən, bu prinsiplə müəyyənləşib. Yəni prezident Respublikaçılar partiyasına mənsubdursa, Nümayəndələr Palatasında demokratlar üstünlük təşkil edirlər, yaxud da əksinə.

Bu prinsip son seçkilərdə də dəyişmədi. Aralıq seçkilərinin ilkin nəticələrinə görə, demokratlar Nümayəndələr Palatasında, respublikaçılar isə Senatda say üstünlüyünü təmin ediblər. Əslində, Trampın əsas məqsədi hər iki palatada nəzarəti ələ keçirmək idi. Lakin seçkilərin nəticələri onun bu niyyətinin gerçəkləşmədiyini göstərir.

Prezident postunun bir, Nümayəndələr Palatasında üstünlüyün isə digər partiyaya məxsus olmasının zəruriliyi əlbəttə ki, səbəbsiz deyil. Çünki ABŞ siyasətində bütün proseslər balansın yaradılması üzərindən inkişaf edir. Bu da prezidentin bütün hakimiyyəti öz əlində cəmləməsinin qarşısını almaq məqsədi daşıyır. Aydın məsələdir ki, prezidentin Konqresdə üstünlüyə malik olması ona istədiyi qanunu asanlıqla qəbul etdirməyə imkan yaradardı. Ancaq Amerika siyasi sistemi elə qurulub ki, bir nəfər istədiyini edə bilməz.

Eyni zamanda, Senatda üstünlüyün qazanılmasına baxmayaraq, respublikaçı senatorların heç də hamısı prezident Donald Trampın siyasətini dəstəkləmirlər. Digər tərəfdən, Trampın özü də klassik respublikaçı kimi qəbul edilmir – çünki siyasətə biznesdən gəlib. Bu, özünü seçkiqabağı kampaniyanın gedişində də qabarıq büruzə verirdi.

Məsələn, Trampın seçkiqabağı kampaniya zamanı çıxışlarında miqrantlarla bağlı siyasətin sərtləşdiriləcəyini bəyan etməsi hətta respublikaçıların daxilində kəskin narazılıq doğurmuşdu. Çünki belə çıxışlar Amerikadakı xüsusilə, ispandilli vətəndaşları qorxudur, onları respublikaçıların əleyhinə səs verməyə sövq edirdi. Bütün bunlar onu deməyə əsas verir ki, Tramp hətta respublikaçıların say üstünlüyünə malik olduqları Senatda da öz qərarlarını rahatlıqla keçirə bilməyəcək”.

Şahinoğlunun fikrincə, aralıq seçkilərinin nəticələri ABŞ-ın xarici siyasətində müəyyən korrektələrə səbəb ola bilər:
“Seçkilərin nəticələrinin ABŞ-ın xarici siyasətinə təsir göstərməsi mümkündür. Çünki xarici siyasətlə əlaqədar bütün konseptual müzakirələr Konqresdə aparılır. Müxtəlif ölkələrə yönəlik siyasətin müəyyənləşməsi, sanksiyaların tətbiqi və bir çox mühüm məsələlər Konqres Komitələrinin müzakirəsindən keçir. Bəli, bu baxımdan aralıq seçkilərinin nəticələri ABŞ-ın xarici siyasətində müəyyən korrektələrə səbəb ola bilər. Tramp digər prezidentlərdən fərqli olaraq, istədiyi xarici siyasəti yürüdə bilsə də, bəzən Konqreslə hesablaşmaq məcburiyyətində qalır. Məsələn, Trampın Rusiyaya qarşı yumşaq siyasət yürüdə bilməməsinin əsas səbəbi məhz Konqresin iradəsidir”.

A.Zeynalov

COP29