!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Amerika seçkiləri və Rusiya: Kreml Konqresdəki “adam”larını itirir

!Reklam – Yazi

Birləşmiş Ştatlarda keçirilmiş aralıq seçkiləri Rusiyapərəst mövqeləri ilə seçilən bəzi konqresmenlərin öz mandatlarını itirmələri ilə nəticələnib.

ABŞ Konqresində hər zaman Rusiya prezidenti Vladimir Putini dəstəkləyən çıxışlarla fərqlənən respublikaçı konqresmen Dana Rorebaker noyabrın 6-da keçirilən aralıq seçkilərində öz yerini qoruya bilməyib. Dana Rorebaker ABŞ Konqresində 15 dəfə (1989-cu ilin yanvarından) Kaliforniya ştatının Orinc mahalını təmsil edirdi. Rorebakerin bu məğlubiyyəti demokratların Nümayəndələr Palatasında yerlərini möhkəmlədərək, çoxluq əldə etmələrinə yol açıb.

Noyabrın 10-da “The Associated Press” agentliyinin verdiyi məlumata görə, ABŞ-da Konqresə ən qızğın seçki mübarizəsinin getdiyi Kaliforniya ştatında daşınmaz əmlak üzrə icraedici direktor, demokrat Harli Ruda (Harley Rouda) respublikaçı Rorebakeri məğlub edib. ABŞ prezidenti Donald Tramp ilə isti münasibətləri olan, həmçinin Rusiya prezidenti Vladimir Putini açıq şəkildə dəstəkləyən sabiq konqresmen 2016-cı ildə Birləşmiş Ştatlarda keçirilən prezident seçkiləri kampaniyasında özünün yaşadığı varlı bölgədə Amerika prezidentliyinə namizəd Hilari Klintona qarşı mübarizə aparıb.

6 noyabrda keçirilən aralıq seçkilərində demokrat Harli Ruda 109 591 səs, respublikaçı Dana Rorebaker isə 101 081 səs toplayıb. Bu isə seçicilərin 52 faizinin demokrat namizədə səs verməsi deməkdir. Rorebaker isə seçicilərin 48 faiz səsini toplayıb.

Federal Təhqiqatlar Bürosu (FTB) 2012-ci ildə Rusiya casuslarının onunla əməkdaşlıq etmək istəyi barədə Rorebakeri xəbərdar etmişdi. Rorebakerin 2015-ci ildə Rusiyada görüşdüyü bir qadının sonradan ABŞ-da Rusiyanın xeyrinə casusluq etdiyi aşkarlanmışdı. Lakin Rorebaker bu ittihamı “saxta” adlandırmışdı. Rorebaker Amerika kəşfiyyatının Rusiyanın ABŞ-da 2016-cı ildə keçirilmiş prezident seçkilərinə müdaxiləsinə dair ittihamlara da şübhə ilə yanaşır.

2016-cı ilin iyununda Nümayəndələr Palatasındakı çoxluğun lideri Kevin MacKarti (Kevin McCarthy – Respublikaçı – Kaliforniya) Rorebakeri Rusiyadan “mükafat” almaqda suçlamışdı: “Mən düşünürəm ki, Putin Birləşmiş Ştatlarda iki nəfərə – Rorebaker və Trampa pul ödəyir”.

Rorebaker həmçinin son illərdə bir sıra ziddiyyətli şərhləri ilə yadda qalıb. O, bu ilin mayında bildirmişdi ki, “əgər insanlar öz mənzillərini mavi və lezbiyan insanlara onların həyat tərzi ilə razılaşmadıqlarına görə satmaqdan imtina edirlərsə, bu, onların hüququ kimi qəbul edilməlidir”. Bu yanaşma Amerika Milli Rieltorlar Assosiasiyasını qıcıqlandırmış və onlar Rorebakerin seçki kampaniyasına dəstək verməkdən imtina etmişdilər.

Elis Vibek,
“The Washington Post”

www.yenicag.az

5395
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv