Amerikada 4 illik Tramp dövrü BAŞLAYIR: “Azərbaycana qarşı konstruktiv mövqe sərgiləyəcək”

“Bu gün dünyamız çox qarışıq, mürəkkəbdir. Müharibələrin, qarşıdurmaların sayı isə getdikcə artır və hazırkı durumda nə isə etmək çox çətin və mürəkkəb bir proses kimi görünür”.

Bu sözləri Yenicag.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O, bu gün inauqurasiya mərasimi keçiriləcək ABŞ-nin 47-ci prezidenti Donald Trampın perspektivdə atacağı siyasi addımları şərh edib.

Millət vəkili Trampın Ukrayna-Rusiya müharibəsinə təsirinlərindən də söz açıb.

“Bu gün vəziyyət ondan ibarətdir ki, həm Ukrayna, həm Rusiya tərəfi, həm də bütün dünya bu məsələdən yorulub və ona görə də hazırda vəziyyətin heç də ürəkaçan olmadığını deyə bilərik. Fikrimcə, Tramp hakimiyyətindən sonra da vəziyyət gərginləşəcək, daha da böyüyəcək. Bəs Tramp Baydenlə eyni siyasət yürüdəcəkmi? Xatırladım ki, Ukraynaya dəstək Qərbin və Amerikanın bir siyasətidir və onlar bu siyasəti həmişə davam etdirəcəklər. Sadəcə, gözlənti ondan ibarətdir ki, Tramp Ukrayna ilə Rusiya arasında ortaq məxrəcə gəlib müharibənin dayandırılmasına çalışacaq. Yardımlar yenə də davam edəcək, çünki bu ümumi bir yanaşmadır, hər hansı prezidentin öz şəxsi qərarı deyil. Amerikada Ukraynanı dəstəkləmək ümummilli hədəf və məqsədə çevrilib. Ona görə də bu mənada hazırkı vəziyyətdən çox da fərqlənməyəcəyinin şahidi olacağıq”.

C. Məmmədov həmçinin İsrail-HƏMAS müharibəsində Amerikanın qarşıdakı 4 ildə tutacağı mövqeyi də şərh edib:

“Çox sevindirici haldır ki, uzun müddətli müharibədən və şiddətli qarşıdurmalardan sonra artıq ortaq məxrəcə gəlinib, ümumi razılaşma var. Bu məsələdə Tramp İsraili dəstəkləyəcək. Düşünürəm ki, atəşkəsi daimi saxlamağa çalışacaq”.

O, sonda Tramp hakimiyyətinin Azərbaycana təsirini də şərh edib:

“Tramp xələflərindən fərqli olaraq Azərbaycana qarşı daha konstruktiv mövqe sərgiləyəcək. Biz bunu əvvəlki dövründə də şahidi olmuşduq. Ermənistanı dəstəkləmək üçün qabarıq fəaliyyətini görməyəcəyik”.

Nurlan Cəfəri