ABŞ generalı Rusiya-Ukrayna savaşının Donbas teatrında döyüşlərin aylarla davam edəcəyini bildirib.
Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, general-leytenant, ABŞ-nin Avropadakı Quru Qoşunlarının sabiq komandanı Ben Hoces Rusiya-Ukrayna müharibəsinin gedişatına dair proqnozunu açıqlayıb.
Hocesin sözlərinə görə, Ukraynada hərbi logistika yerli ordu üçün yaxşılaşdığı halda, Rusiya qoşunları üçün pisləşməkdədir. Bu səbəbdən, Donbasda hərbi əməliyyatların aylarla davam etməsi gözlənilsə də, döyüşlərin kulminasiyası avqustda – Ukrayna ordusunun həmin regionda əks-hücuma keçməsilə yetişəcək:
“Avqustdan sonra Rusiya müharibəni davam etdirə biləcəkmi? Mən bunun necə edə biləcəyini görmürəm. Rusiyanın logistika, canlı qüvvə və hərbi texnika ilə bağlı problemləri var.
Rusiyanın artilleriya və reaktiv sistemlərlə bağlı vəziyyətinin necə olduğunu bilmirəm. Bilirik ki, Rusiyanın yüksək dəqiqliklə vuran silahları tükənməkdədir. Ancaq sadə artilleriya və raketlərlə bağlı vəziyyətin də belə olduğuna əmin deyiləm”.