“Bu kəskin ritorika sadəcə, tərəflərin öz dövlət maraqlarını təmin etmək üçün seçdikləri vasitədir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ və Türkiyə arasında artan deklorativ gərginliyin mümkün nəticələri barədə danışan politoloq Zərdüşt Əlizadə deyib.
Zərdüşt Əlizadənin fikrincə, həm ABŞ, həm də Türkiyə bir-biriləri üçün vacib tərəfdaş olduqlarının fərqindədirlər və münasibətlərin “qırılma nöqtəsi”nə çatmasına imkan verməzlər:
“Amerika ilə Türkiyə arasında bu sayaq söz atışmaları əvvəllər də az olmayıb. Ancaq bu söz güləşdirməyin ABŞ-Türkiyə münasibətlərini ifrat dərəcədə korlayacağı ehtimalını qəbul etmirəm.
Bu cür kəskin bəyanatlar sadəcə olaraq, tərəflərin öz dövlət maraqlarını təmin etmək üçün seçdikləri vasitədir və bundan irəli getməyəcək. Ümumiyyətlə, ABŞ və Türkiyə bir-biriləri üçün vacib tərəfdaşdırlar, müttəfiqdirlər. Onların münasibətlərin kəsilməsinə aparıb çıxaracaq addımlar atacağı inandırıcı deyil.
Ortadakı gərginliyin də məlum səbəbləri var. ABŞ Türkiyənin Rusiya ilə əsasən, hərbi sahədə əməkdaşlığı dərinləşdirməsindən narazıdır. Ancaq bu irada Türkiyənin tutarlı cavabı var.
Ankara haqlı olaraq bu arqumentə istinad edir ki, NATO üzrə müttəfiqlərimiz bizə müasir silah-texnika satmaqdan imtina etdikləri üçün biz o silahları Rusiyadan almağa məcburuq. Əks tərəf bu arqumentin haqlı olduğunu bilsə də, bunu etiraf etmək istəmir.
Ümumiyyətlə, mövcud şəraitdə Türkiyə ABŞ, Avropa və Rusiya arasında manevr etmək üçün geniş imkanlara malikdir. Ankara bundan maksimum yararlanır. Çünki Amerikanın da, Avropanın da, Rusiyanın da Türkiyəyə ehtiyacı var”.
Xatırladaq ki, son günlərdə ABŞ prezidenti Donald Tramp, həmçinin vitse-prezident Mayk Pens Türkiyənin ünvanına kəskin bəyanatlar səsləndirərək, Ankaranı sanksiyaların tətbiqi ilə təhdid ediblər. Bu sərt mövqe ifadəsinin arxasında isə Türkiyədə həbsdə saxlanılan amerikalı rahib Endyu Kreyk Brunsonun azadlığa buraxılması tələbi dayanır.
FETÖ terror şəbəkəsi ilə əməkdaşlıqda suçlanaraq, gözaltına alınan Brunson ötən gün İzmir Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, ev dustağı edilib və ölkədən çıxışı yasaqlanıb.
A.Zeynalov