Amerikanın baş ağrısına çevrilən “İBTİDAİ QÜVVƏLƏR”: “Pekinin Tehran vasitəsilə husilərə təsir imkanı…”
“Qırmızı dəniz hövzəsindəki münaqişəli vəziyyət Rusiyanın maraqlarına uyğundur” .
Bu fikirləri Yəmən husilərinin Qırmızı dənizdə hərbi aktivliklərini artırmalarının mümkün nəticələrini şərh edən politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Qırmızı dəniz hövzəsində baş verənlər birbaşa olaraq əslində Çinin də maraqlarına ziddir:
“Çünki həmin nəqliyyat dəhlizindən Çin də istifadə edirdi. Baş verən hadisələr fonunda təhlükəli vəziyyət yaranıb. Ancaq Çindən hələ ki hər hansı reaksiya yoxdur. Halbuki Çin və İran yaxın münasibətləri olan dövlətlərdir. Yəni Pekin Tehran vasitəsilə husilərə təsir edə bilər.
Əlavə olaraq, Qırmızı dəniz hövzəsindəki münaqişəli vəziyyət Rusiyanın maraqlarına uyğundur. Çünki Qərbin bütün diqqətinin Ukraynaya cəmlənməsini istəmir. Eyni vəziyyətin təzahürünü Yaxın Şərqdə də müşahidə edirik.
Husilərə zərbələr endirilsə də, onların qarşısını almaq mümkün olmur. O baxımdan, Qırmızı dənizdə hərəkət edən tranzit gəmilər təhlükə altındadır. Təhlükəli vəziyyət fonunda yolu uzanan gəmilər 10-12 gün səyahət etməli olur. Nəticədə həm yanacaq sərfiyyatı artır, həm də yol uzanır. Bu isə bilavasitə xərclərin artması deməkdir”.
Nəsimi Ələsgərli