Amerikanın taleyini “yazan” kriminallar və şizofreniklər: “Maraqlı proseslər olacaq” – Hikmət Hacızadə
“Ölkənin liberal kəsimi Trampa onsuz da nifrət edirdi, indi də bu iğtişaşlar onlar üçün bəhanəyə çevrilib ki, prezidenti günahlandırsınlar”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Birləşmiş Ştatların (ABŞ) Minneapolis şəhərində afroamerikalı Corc Floydun polis tərəfindən qətlə yetirilməsindən sonra başlayan etiraz aksiyalarının mümkün nəticələrini şərh edən Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadə deyib.
Hikmət Hacızadənin sözlərinə görə, ABŞ-da etiraz aksiyalarının geniş xarakter almasında koronavirusun insanlar üzərində yaratdığı gərginlik də daxil olmaqla, bir çox səbəbləri var:
“Bu etirazların bir neçə amili var. Birincisi irqçilikdən, ikincisi isə koronavirusun yaratdığı gərginlikdən irəli gəlir. Ola bilsin, insanlar bu yolla öz gərginliklərini çıxarırlar. Digər tərəfdən, etiraz aksiyaları əhalinin kriminal qrupları üçün bir fürsətə dönüb və onlar da bundan yararlanıb qarətçiliklə məşğul olurlar.
Vətəndaş qarşıdurmaları zamanı adətən, ortada iki qrup olur: kriminallar və şizofreniklər. Polis özünü təmkinli aparır, sadəcə, qarətlə məşğul olanları həbs edirlər. Çalışırlar ki, gərginlik daha da artmasın. Birinci dəfə deyil ki, Amerikada belə hadisələr baş verir. Digərləri kimi bu da səngiyəcək”.
Politoloqun fikrincə, baş verən hadisələr Amerikada bu il keçirilməsi planlaşdırılan prezident seçkilərinə təsirsiz ötüşməyəcək:
“Əlbəttə ki, yaşanan hadisələr Amerikada bu il keçiriləcək prezident seçkilərinə təsir edəcək. Amerikanın liberal kəsimi Trampa onsuz da nifrət edirdi, indi də bu iğtişaşlar onlar üçün bəhanəyə çevrilib ki, prezidenti günahlandırsınlar.
Lakin Amerikanın digər həlledici kəsimini – Respublikaçıları da unutmaq olmaz. Onlar da kifayət qədər güclüdürlər. Amerikanın ən varlı təbəqəsi də əsasən, onlardan ibarətdir. O baxımdan, qarşıda Amerikada maraqlı proseslərin gedəcəyi gözlənilir. Amma bu o demək deyil ki, Trampın seçkilərdə qalib gəlmək şansı itib. Belə düşünmək tezdir”.
Aqil Bəkir