“Amnistiya olacaq” – Siyahıda 30-a yaxın siyasi məhbusun adı var

“Əfv fərmanının imzalanacağını istisna etmirəm”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Cümhuriyyətin 100 illik yubileyilə bağlı əfv məsələsinə münasibət bildirərkən Əfv Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib:

“Cümhuriyyət bayramı ərəfəsində prezident tərəfindən əfv fərmanı imzalana bilər. Bunu istisna deyil.. Hazırda fevral ayından başlayaraq bu günə qədər Əfv Komissiyasının iclasları davam etməkdədir. Düşünürəm ki, yaxın günlərdə bu iclaslar başa çatacaq. Yüzlərlə ərizələrə baxılıb və müvafiq tövsiyələrin hazırlanması ilə bağlı qərar qəbul olunub. Hər kəsə qanun çərçivəsində və komissiyanın əsasnaməsinin tələblərinə uyğun olaraq bərabər yanaşma  sərgiləyirik. Əlbəttə ki, cəmiyyətin, dövlətin milli maraqları, ziyanın ödənilməsi vəziyyəti, cəzanın çəkildiyi müddət, zərərçəkmişin mövqeyi, bütün bunlar komissiyada baxılarkən nəzərə alınır və ortaq məxrəcə gəlirik. Amma kimlərin bağışlanılıb, bağışlanılmayacağı prezidentin səlahiyyətində olan məsələdir. Ona görə də bu istiqamətdə konkret adların çəkilməsi çox yanlış olardı”.

Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu əfv sərəncamının olacağına əminlik ifadə etdi:

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyilə bağlı əfv olacaq. Həmin əfvə siyasilərdən kimlərin düşəcəyini bəri başdan deyə bilmərik. Ancaq bununla bağlı siyahıları təqdim etmişik. Bu sırada İlqar Məmmədov da olmaqla 30-a yaxın siyasi məhbusun adı qeyd edilib. Həmin siyahıda olanlardan kimin əfvə düşəcəyini isə bilmirik”.

ELÇİN

COP29