Amnistiya kimlərə şamil olunacaq? – SİYAHI

Azərbaycanda Amnistiya tətbiq ediləcək şəxslərin dairəsi açıqlanıb.

Oxu.Az-ın məlumatına əsasən, bu, Prezident İlham Əliyevin Milli Məclisə təqdim etdiyi Amnistiya Aktı layihəsində yer alıb.

Sənəd layihəsinə əsasən,

– Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, habelə bu müharibədə və döyüş əməliyyatlarında həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;

– Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər;

– Bu Qərar qüvvəyə mindiyi günədək, o cümlədən Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslər və ya həlak olmuş şəxslərin yaxın qohumları;

– Xocalı soyqırımında əlil olmuş şəxslər, həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;

– 1948-1953-cü və 1988-1992-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistandan deportasiya olunmuş şəxslər;

– 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş şəxslər;

– 1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları;

– Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş və ya sülhməramlı əməliyyatlarda iştirak etmiş şəxslər, həmçinin həmin vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;

– İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər;

-Keçmiş SSRİ dövründə siyasi repressiyaya məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarları ilə bəraət almış şəxslər və onların yaxın qohumları;

– Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş və onlara himayəçilik edən şəxslər (himayəçilik qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunubsa);

– Qadınlar;

– Cinayət törədərkən 18 yaşına çatmamış şəxslər;

– Bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər;

-Bu Qərar qüvvəyə mindiyi günədək birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər;

– Öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcə əlil övladı olan şəxslər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslərə amnistiya şamil ediləcək.

Aşağıdakı məhkumlar cəzalarının çəkilməmiş hissəsini çəkməkdən azad ediləcək:

– Böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər;

– Bu Qərarın 2.1-ci bəndində göstərilən şəxslərdən başqa, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər;

– Bu Qərarın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulan şəxslərdən başqa, ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər;

– Bu Qərarın 2.2-ci və 2.3-cü bəndlərində göstərilən şəxslərdən başqa, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər;

– Böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər, habelə az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər;

– Böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş şəxslər, habelə az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər;

– Hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza təyin edilmiş şəxslər;

– İslah işləri növündə cəza təyin edilmiş şəxslər;

– İctimai işlər növündə cəza təyin edilmiş şəxslər;

– Əsas cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası təyin edilmiş şəxslər;

– Böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzası təyin edilmiş şəxslər, habelə əsas və ya əlavə cəza kimi iki min manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və ya bu Qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi iki min manatdan artıq olmayan şəxslər;

– Böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi təxirə salınmış şəxslər;

– Azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi təxirə salınmış şəxslər.

Aşağıdakı məhkumlar, bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla cəzalarının çəkilməmiş hissəsini çəkməkdən azad ediləcək:

– Bu Qərarın 2.6-cı bəndində göstərilən şəxslərdən başqa, intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslər;

– Bu Qərarın 2.12-ci bəndində göstərilən şəxslərdən başqa, azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmiş və ya bu növ cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud bu növ cəzanın çəkilməsi təxirə salınmış şəxslər.

– Bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda, çəkilməmiş cəza 6 ay azaldılacaq (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla).

– Bu Qərarın 2.5-ci bəndində nəzərdə tutulan şəxslərdən başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olduqda, çəkilməmiş cəza 1 il azaldılacaq (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla).

– Bu Qərar əsasında əsas cəzanı çəkməkdən azad edilən şəxslər əlavə cəza kimi təyin edilmiş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasını çəkməkdən azad ediləcəklər (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla).

– Bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürüləcək.

– Bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər haqqında təhqiqat və ibtidai istintaq orqanları tərəfindən amnistiya tətbiq olunaraq cinayət təqibi başlanmır, başlanılmış cinayət təqibinə isə xitam verilir (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla).

Məhkəmələr:

İcraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla);

Bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiyanın tətbiq edildiyi günədək apellyasiya qaydasında mübahisələndirilməyən qanuni qüvvəyə minməmiş hökmlər üzrə:

Bu Qərarın 1-ci, 3-cü və 6-cı hissələrində nəzərdə tutulmuş şəxsləri təyin edilmiş cəzadan azad edir (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla);

Bu Qərarın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsləri təyin edilmiş cəzadan azad edir (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla);

Bu Qərarın 4-cü və 5-ci hissələrində nəzərdə tutulmuş şəxslərin cəzalarını azaldır (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla);

İcraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 9.1-ci və 9.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edir.

Amnistiyanın tətbiqinə məhdudiyyətlər

“Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” qanunda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir.