AMP-nin problemlərdən çıxış yolu: Partiyalaşma, birgə çalışma və müştərək ağılın saxlanması…

15 iyun 2020-ci il tarixində Azərbaycan Mərkəz Partiyasının (AMP) açılış təqdimatı olub.

Yenicag.az xəbər verir ki AMP quruluşunu rəsmi elan etmədən öncə, praktiki fəaliyyətlər həyata keçirib. O cümlədən 24-25 sentyabr 2019 tarixində Nyu-York şəhərində “UANİ” Amerikanın qeyri hökümət təşkilatının təşəbbüskarı olduğu “İranın gələcəyi” (Future of İran) adda keçirilən konfransın əsas iştirakçılarından biri olub. Güney Azərbaycanı beynəlxalq səviyyədə təmsil edən ilk Güney Azərbaycan partiyası olub.

Habelə AMP mərkəzi şura üzvləri 2019-cu ilin dekabr ayının 1-də Brüsseldə təşkil olunmuş İran Rejiminə Qarşı Millətlər İttifaqı sammitində iştirak etmiş və İranda yaşayan başqa Fars olmayan millətlər ilə birgə çıxışlar edib. Daha sonra 2020-ci ilin ilk aylarında AMP-in sədri cənab Saleh Kamrani Avropa İttifaqı şürasında Güney Azərbaycanı layiqincə təmsil edib və xalqımızın boğulmuş səsini dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Çox sayda insan haqqları təşkilatları ilə yaxın əlaqə qurub və öz fəaliyyətini davam etdirib. Ən sonda isə Ukraynanın paytaxtında İranın gələcəyində Güney Azərbaycanın rolu ünvanında beynalxalq konfransın təşkilatçılığını öhdələnib. Bu önəmli konfrans -pandemiyaya görə təxirə salınıb.

Azərbaycan Mərkəz Partiyası (AMP) İran coğrafiyasında yaşayan millətlərin öz taleyini təyin etmə haqqını əsas hədəf seçib. Güney Azərbaycan Türklərinin milli iradəsini, gələcəkdəki yaranan siyasi çərçivədə (sistemdə) dəstəkləməkdədir. Azərbaycan Mərkəz Partiyası Güney Azərbaycanda yaşayan insanların milli mənfəətlərimizi qoruyan parti və təşkilatlara arxa duracağını bilir və bu müstəvidə öz siyasi fəaliyyətlərini davam etdirir.

Açılış təqdimatında çıxış edən cənab Saleh Kamrani Azərbaycan xalqına müraciət edib:

“Müqəddəs saydığımız milli davaya qatıldığımız gündən, millət, vətən, demokratiya və insan demişik. Azərbaycan milləti , yüz ildən artıqdır ki, vətənimiz, hiyləgər siyasət və bəlli məsələlər nəticəsındə layiqli kimliyini itirərək, bir neçə ölkə arasında parçalanmış hala gəlib.
Quzey Azərbaycanımız öz müstəqilliyini yenidən əldə etsə də, Güney Azərbaycan, ulu sərkərdə Abbas Mirzənin şəhadətindən sonra heç vaxt əvvəlki mövqeyinə qayıda bilməyib. Bu şəraitin təbii nəticəsi kimi yaranan Azərbaycan Mərkəz Partiyası problemlərdən çıxış yolunu-partiyalaşma, birgə çalışma və müştərək ağılın saxlanması yolu ilə ən kəskin həll etmə metodu olaraq görür”.

Saleh Kamrani əlavə edib ki, bütün siyasət və işlərdə, millətimizin azadlığı, milli hakimiyyət, dilimizin rəsmiləşməsi, öz müqəddəratını təyin etməsi kimi üsullardan əsla vaz keçilməyəcək.

“Rasyonallıq (ağılçılıq ), uzlaşma və ortaq ağlın nəticələrını qəbul etmək AMP-nin siyasət yürütmə metodudur. Partiyamız nifrət, öfkə, suçlama, dağıtmaq və nifaq toxumlarını səpməyə qarşıdır və belə hallara əsla yol verməyəcək. Muxalif və tənqidçilər tərəfimizdən hər zaman sayqı və hörmətlə qarşılanıb. Belə də olacaq. Təhqir, aşağılama, nifrət , basqı və bu kimi metodlara əsla əl atılmayacaq. Qarşımızda olanın kimliyindən və hansı dilidə danışmasından asılı olmayaraq biz – AMP olaraq nəzakət dairəsindən çıxmayacayıq”, – deyə bildirib.

Təqdimat zamanı bir qrup ictimai-siyasi xadimlər öz ürək sözlərini bildiriblər.

Firudin Cəlilov (türkoloq, filologiya elmləri doktoru, filosof),
Atilla Kaya (Türkiyə – millət vəkili),
Aygün Attar (Türkiyə-Azərbaycan dostluq, İşbirliyi, Dayanışma Vakfı Başkanı), Sapur Ənsari (milli və siyasi fəal, cərrah-doktor),
Cavad Dirəxti (Dünya Azərbaycanlıları Milli Birliyinin sədri),
Hamit Göktürk (Dünya Uyqur Konseyi icra quruluşu uyesi),
Babək Çələbiyani (Azərbaycan Milli Dirəniş Partiyası sözcüsü),
Rauf Arifoğlu (“Yeni Musavat” qəzetinin baş redaktoru),
Fazil Mustafa (millət vəkili), Abbas Aslan (araşdırmaçı yazar və siyasi fəal), Mahmud Bilgin (Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü),
Camal Mehmetoğlu (hüquqşünas və siyasi fəal),
Dilavər Əzimli (BAO sədr müavini və tarix üzrə fəlsəfə doktoru),
Səid Əzizi (“Birlik” təşkilatının sözcüsü),
Hikmət Cavadov (hüquq elmləri doktoru, professor),
Yuri Zuberman (Amerika-Yəhudilər Birliyinin vitse-prezidenti),
Ariel Out (“İsrail-Azərbaycan Evi”nin icraçı direktoru),
Fəhmi Hacıyev (keçmiş döyüşçü və siyasi fəal),
AMP-nin yaranması münasibətilə səmimi qəlbdən təbrik edib, işlərində uğurlar arzulayıblar.

Xatırladaq ki, Azərbaycan Mərkəz Partiyası əsasnaməsinə dayanaraq mərkəzi şuraya 8 nəfər üzv seçilib.  Mərkəzi şuranın üzvlərindən biri cənab Saleh Kamrani partiyanın rəhbəri təyin edilib.
7 nəfər mərkəzi şuranın üzvləri:

1. Babək Azəroğlu.
2. Aslan Soltani “AMP-in sözçüsü”
3. Aydın Muğanlı “AMP-in mətbuat xidmətinin məsulu”.
4. Elyar Kamrani “AMP-in təşkilat məsulu”.
5. Rəhim Şəhbazi “AMP-in quzey Amerika üzrə partiya təmsilcisi”.
6. Hüseyin Məhmudi “AMP-in sosial media məsulu”.
7. Duman Türksevər “AMP-in təbliğat məsulu”.