!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Həmin gecə fikirdən ürəyi partladı" - Oğlu şikəst edilən ananın fəryadı

!Reklam – Yazi

Bu ananın danışdıqlarına ürəkağrısız qulaq asmaq mümkün deyil. Dediyinə görə, “AN MEDİA” şirkətinin rəhbərliyi onun ailəsini gözüyaşlı qoyub. Şirkət rəhbərliyinin səhlənkarlığı nəticəsində 27 yaşlı oğlu şikəst olub, həyat yoldaşının dərddən ürəyi partlayıb, 20 yaşlı qızının isə bu faciələrdən sonra əsəbləri pozulub. Ağdam rayonundan məcburu köçkün olan, şəhid bacısı Elmira Qasımovanın onun övladını şikəst edən şirkətlə bağlı müraciət etmədiyi ünvan, döymədiyi qapı yoxdur. Dövlət qurumlarına göndərdiyi bütün məktublar cavabsız qalıb. 2 il ərzində topladığı sənədlər bütöv bir qovluğa sığmayan Elmira xanımı “demaqoqluqda” ittiham edib, hətta 15 “sutkalıq” etmək üçün Sabunçuya göndərənlər də tapılıb.

 

Əli hər yerdən üzülən ana Yenicag.az saytının redaksiyasına üz tutub. Elmira Qasımovanın dediklərini olduğu kimi təqdim edirik:

– Hadisə 2 il bundan əvvəl baş verib. Biz Müşfiqabad qəsəbəsində yaşayırıq. Bir gün MKİS-ə getmişdim. MKİS-in direktoru dedi ki, binalara optik anten kabelləri çəkən “AN MEDİA” şirkəti onlardan işçi istəyir, dedi ki, münasib iş var, əgər oğlun istəyirsə getsin. Oğlum Cavanşır də işsiz idi. 1 uşağı vardı, dolana bilmirdi. Sevindim, tez oğluma zəng edib, həmin şirkətə göndərdim. 2015-ci il iyul ayının 8-də onunla heç bir müqavilə bağlanmadan işə götürüldü. İyul ayının 17-də Müşfiqabad qəsəbəsində kabel quraşdırmaq məqsədilə əraziyə yollanıblar. İşçilərdən biri 9 mərtəbəli binanın başından digər binaya kabel atıb. Kabel elektrik dirəyinin üstünə düşüb. Cavanşir deyib ki, mən götürərəm. Dirəyə dırmanıb, əlini kabelə atmağı ilə cərəyanın onu vurmağı bir olub. Yarımcan vəziyyətdə xəstəxanaya çatdırılan uşağım 5 gün komada qaldı. Balam tanınmaz halda idi. Cərəyan onun kəllə sümüyünün sol hissəsini yandırmış, boynunu, kürəyini partlatmış, sol qolunun əzələ hissəsi dirsəyə qədər yanmış, sağ qolu isə tamamilə yanmışdı. Həkimlərin səyinə baxmayaraq, Cavanşirin sağ qolunu xilas etmək mümkün olmadı, onu amputasiya etdilər.

Hadisədən sonra “AN-MEDİA” MMC-nin rəhbərliyi bizə dedi ki, narahat olmayın, oğlunuzun sağalıb, ayağa qalxmağı üçün hər şey edəcəyik. Amma… heç nə etmədilər. Sağlam övladımı şikəst edən şirkət rəhbərliyi sonda mənim oğlumu tanımadığını dedi. Çünki onlar oğlumla heç bir müqavilə-filan imzalamamışdılar. Bunu da əllərində əsas tutaraq, özlərinə sərf edən nağıllar uydurmağa başladılar. Dedilər ki, guya mənim oğlum heç onlarla işləməyib, təsadüfən məhəlləyə gələn şirkət işçilərinə öz qoçaqlığını sübut etmək üçün dirəyə dırmanıb və nəticədə bədbəxt hadisə baş verib.

“AN MEDİA” MMC şirkətinin rəhbəri İlqar Şahhüseynovun iş başında şikəst etdiyi gəncə qarşı laqeyd münasibəti Elmira Qasımovanı Qaradağ rayon Məhkəməsinə müraciət edir. Hakim Rəşad Mustafayevin sədrliyi ilə 05 iyul 2016-cı ildə məhkəmə keçirilir və bu məhkəməni bir qədər ədalətli hesab etmək olar. Uzun çəkən araşdırmadan sonra hakim belə bir qərar verir:

“Şahhüseynov İlqar Vasif oğlu Azərbaycan Respublikası CM-nin 162.1 maddəsilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, qazancından dövlət naminə 20 faiz məbləğində pul tutmaqla, 2 il müddətinə islah işləri cəzasına məhkum edilsin.

-Açığı, məhkəmənin bu qərarından çox narazı qaldım. Məgər İlqar Şahhüseynov dövlətə ziyan vurmuşdu ki, dövlətə də pul ödəsin? Bəs mənim ailəmin başına gələn müsibət? Oğlumun yarımcan vəziyyəti? Axı onu bu hala İlqar müəllimin rəhbərlik etdiyi şirkət salıb. Məhkəmədə ifadə verən şahidlər də təsdiqlədilər ki, Cavanşir iş zamanı xəsarət alıb, əlil olub. Məhkəmə zamanı İlqar müəllim hamının yanında mənə söz verdi ki, sabah mütləq notariusa gedəcəm, əmri bərpa edəcəm, sizə dəyən mənəvi ziyanı ödəyəcəm, oğlunuzu da müalicə etdirəcəm. Xahiş etdi ki, mən də onun cəzasının yumşaldılmasını istəyim. İlqar müəllimin sözünə inandım, dediyi kimi də etdim. Məhkəmə də ona 2 il icbari iş kəsdi. Məhkəmə zalından özündən razı halda çıxan direktor bizə dedi ki, gəlin, sizi evinizə aparım. Elə bildik ki, yolüstü notariusa da dəyib, oğlumun əmrini verəcək. Amma o maşını düz qapımıza sürdü. Bizi düşürəndə də dedi ki, hakimin yanında söz verməyimə baxmayın, mən sizin oğlunuz üçün heç nə edən deyiləm.

Həmin günün gecəsi yoldaşımın fikirdən ürəyi partladı. Mənim başım onun dəfninə, hüzürünə qarışdı. İki ay sonra yenidən məsələ ilə bağlı Apellyasiya Məhkəməsinə müraciət etdim. Məhkəmə işi necə var idisə, eləcə də saxladı. Sonra işlə bağlı mülki qaydada Nərimanov rayon Məhkəməsinə müraciət etdim. Oğlumun ağır vəziyyətini nəzərə alıb, 5 min manat təzminat kəsdilər. Məgər bu məbləğ onun sağalıb, ayağa qalxmasına çatar? Oğlumun alnında iki böyük dəlik var, qulaqlarından maye gəlir. Başının sol tərəfində dərin bir çökək var, müalicəsi və sağalması üçün xaricdə əməliyyat olunmalı, reabilitasiya keçməlidir. Amma neynim ki, əlacsız qalmışam. “AN MEDİA” şirkətinin rəhbəri şikəst etdiyi işçisinə sahib çıxmır. Eşitdiyimə görə, İlqar müəllim icbari işin bitəcəyi müddəti gözləyir. Sonra ölkədən çıxıb gedəcək. Bəs mənim övladımın halı necə olacaq? Ona kim sahib çıxacaq? Mənim balamı əlil edən insanın cəzası yəni bu qədər yüngül olmalıdır? Səsimi heç kim eşitmir. Döymədiyim qapı qalmayıb. Mənim və qohumlarımın Cavanşiri müalicə etməyə imkanı yoxdur. Gəlir yerimiz dövlətin qaçqınlara verdiyi çörəkpulu, bir də oğlumun aldığı sosial pensiyadır. Mən işləyə bilmirəm. Çünki iş başında sağlamlığını 100 faiz itirən oğluma baxmaq, onun qulluğunda durmaq lazımdır. Çox inanıram ki, siz mənim haqq səsimi cənab İlham Əliyevə, vitse-prezident Mehriban xanım Əliyevaya çatdıracaqsınız. Oğlumu mənə və azyaşlı övladına qaytarın, cənab Prezident. Bu dünyada bir Allahın, bir də sizin mərhəmətinizə sığınıram.

Zakirə Zakirqızı

www.yenicag.az

6417
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv