Ana və övladlarını qətlə yetirən direktorun məhkəməsi oldu

Bakının Nizami rayonunda ana və iki azyaşlı övladını qətlə yetirməkdə təqsirləndirilən Əhəd Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yenicag.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun sədrliyi ilə baş tutan iclasda dövlət ittihamçısı ittiham aktını elan edib.

Daha sonra təqsirləndirilən şəxs ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Təqsirləndirlilən şəxs deyib ki, qətli törətməyib və ümumiyyətlə bu hadisədən xəbəri olmayıb.

Məhkəmənin növbəti iclası sentyabrın 29-na təyin edilib.

Xatırladaq ki, qətl hadisəsi bu ilin fevralın 20-də paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova kirayədə yaşadıqları evdə iki övladı ilə birgə qətlə yetirilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

İlkin məlumata görə, qətlə yetirilən G.Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi kimi 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb.

Qeyd edək ki, Bakıda ana və onun övladlarını qətlə yetirməkdə şübhəli bilinən Əhəd Əliyev 2007-2014-cü illərdə Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru vəzifəsində çalışıb.