16-19 iyun tarixləri aralığında Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin və Mədəniyyət Nazirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi (AYD), “Yeni Çağ” Media Qrupunun və Azərbaycan Türkiyə Evinin təşkilatçılığı ilə Bakıda “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumu təşkil edilib.
Yenicag.az xəbər verir ki, 16 iyun tarixində Forum iştirakçıları Medianın İnkişafı Agentliyində olublar.
Görüşdə Türkiyə-Azərbaycan media platforması çərçivəsində ölkələrimiz barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və ortaq mədəni dəyərlərin təbliği istiqamətində “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumunun əhəmiyyəti vurğulanıb, həmçinin qonaqlara Agentliyin fəaliyyəti, gələcəkdə icrası nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verilib.
Görüş zamanı türk dövlətlərinin media əməkdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
İyunun 17-də isə türkiyəli jurnalistlər QHT Agentliyinin rəhbərliyi tərəfindən qəbul ediliblər.
İcraçı direktor Aygün Əliyeva Agentliyin fəaliyyəti və gələcək hədəfləri barədə qonaqlara məlumat verib. O bildirib ki, bu gün dünyaya nümunə olan Azərbaycan-Türkiyə dostluq-qardaşlığı bütün istiqamətlərdə əməkdaşlıqda özünü təsdiq edir.
Daha sonra Anadolu Yayımçılar Dərnəyinin sədri, nümayəndə heyətinin rəhbəri Sinan Burhan səmimi qəbula görə Agentliyə təşəkkür edib və bildirib ki, bütün sahələrdə olduğu kimi media sahəsində də birgə uğurlara imza atılacaq.
Çıxış edən “Yeni Çağ” Media Qrupunun sədri Aqil Ələsgər forumun iştirakçılarını səmimi qəbulu üçün Agentliyə təşəkkürünü bildirib.
Görüşün yekunu olaraq hər iki tərəf xatirə hədiyyələrini təqdim ediblər.
Forum başlamamışdan öncə “Yeni Çağ” Media Qrupu ilə Anadolu Yayımçılar Dərnəyi arasında anlaşma protokolu imzalanıb.
“Yeni Çağ” Media Qrupunun ofisində baş tutan imza mərasimində bildirilib ki, Azərbaycanla Türkiyə arasında münasibətlərin yüksələn xətlə inkişafı və bütün sahələr üzrə ikitərəfli əlaqələrin genişlənməsi, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Zəfərin iki qardaş ölkənin əməkdaşlıq müstəvisində yeni imkanların yaranması, mövcud şəraitdə Azərbaycan ilə Türkiyənin ümumi maraqlarının və birgə mənafelərinin qorunmasında yeni çağırışların aktuallaşması Türkiyə ilə Azərbaycan arasında media və QHT sektorunun yerli, bölgəsəl və qlobal miqyasda fəallığı artırmasının zəruriliyini şərtləndirir.
“Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumunun ilk günündə “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, AYD sədri Sinan Burhan, ATEV sədri Tənzilə Rüstəmxanlı, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı, Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli açılış çıxışlarını edərək Türkiyə ilə Azərbaycan arasındakı media əlaqələrindən bəhs edib, keçirilən Forumun önəminə diqqət çəkiblər.
Açılış nitqlərindən sonra Forum öz işini “Qarabağ Zəfərində Azərbaycan-Türkiyə Mediasının Rolu” və “Türk Dünyası Media Əməkdaşlığı Axtarışları” başlıqlı panel müzakirələrilə davam etdirib.
“Ülke TV”nin rəhbəri Həsən Öztürkün moderatorluğu ilə keçirilən birinci paneldə millət vəkili Sabir Rüstəmxanlı, “Takvim” qəzetinin Ankara nümayəndəsi Əkrəm Kızıltaş, “CNN Türk” spikeri Güngör Yavuzaslan, “Haber 7″nin rəhbəri Osman Atəşli, “Real” Televiziyasının rəhbəri Mir Şahin Ağayev çıxış ediblər. Müzakirədə Vətən müharibəsi zamanı və ondan sonra həqiqətlərin dünyaya çatdırılmasında hər iki ölkə mediasının gördüyü işlər ətrafında fikir mübadiləsi aparılıb.
Emin Pazarcının moderatorluğu ilə keçirilən ikinci paneldə “Türkiyə” qəzeti yazarı Rahim Ər, “Kon TV”nin rəhbəri Yaşar Toy, “İpekyolu” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Seyfullah Türksoy, “Aydınlık” qəzetinin əməkdaşı Qaffar Yakınca və Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək türk dövlətləri arasında media sahəsindəki əməkdaşlığın mövcud durumu və perspektivləri haqqında müzakirələr aparıblar.
Panel müzakirələrindən sonra Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı Forum iştirakçılarına çay ziyafəti verib. Türkiyə və Azərbaycan əlaqələri, bu münasibətlərdə medianın rolu haqqında fikir mübadiləsi aparılıb. Səfir Forumun işini yüksək qiymətləndirib və bu cür layihələrin intensiv xarakter almasının tərəfdarı olduğunu vurğulayıb.
Forumun növbəti günü “Şuşa ili” çərçivəsində jurnalistlərin Şuşaya səfəri təşkil edilib.
Jurnalistlərə – AYD sədri Sinan Burhan, “Türkiyə” qəzeti yazarı Rahim Ər, “Haber 7″nin rəhbəri Osman Atəşli, “Kon TV”nin rəhbəri Yaşar Toy, “Aydınlık” qəzetinin əməkdaşı Qaffar Yakınca, “Takvim” qəzetinin Ankara nümayəndəsi Əkrəm Kızıltaş, “Hürriyet” qəzetinin redaktoru Fatih Tekəci, “Yeni Akit” qəzetinin Ankara nümayəndəsi Hacı Yakışıklı, “Çay TV” İdarə Heyətinin sədri İsmayıl Torlak, TV spikeri Güngör Yavuzaslan və digərlərinə erməni işğalı nəticəsində dağıdılmış, viran qoyulmuş bölgələr, həmçinin Qarabağın yenidən dirçəldilməsi işləri haqqında məlumat verilib.
“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və ATEV sədri Tənzilə Rüstəmxanlı qonaqlara işğaldan qurtarılmış torpaqlarda erməni vandalizminin sübutu olan bina qalıntıları, dağıdılmış evlər haqqında bilgi veriblər. Aqil Ələsgər qeyd edib ki, 30 ildən bəridir işğal altında qalan bu torpaqlar yenidən Öz-ünə qayıdıb və bütün Azərbaycan bunun haqlı qürurunu yaşayır. Tənzilə Rüstəmxanlı isə bildirib ki, qardaş ölkənin jurnalistlərini bu torpaqlarda görməkdən sevinc hissi duyur.
Jurnalistlər Cıdır düzünə qalxaraq buradan Şuşanın gözəlliyini seyr ediblər.
AYD sədri Sinan Burhan Cıdır düzündə Forumun Şuşada sonlanmasının mənəvi önəm daşıdığını vurğulayıb. Burhan Azərbaycanın qəhrəman oğullarının Şuşa dağlarını dırmanaraq düşməni məhv etdiyini xatırladıb. Burhanın çıxışından sonra millət vəkili Sabir Rüstəmxanlı Şuşa ilə bağlı xatirələrini bölüşüb, “Qarabağa dönüş” poemasından bir hissə səsləndirib. Millət vəkili Qafqaz İslam Ordusu komandanı Nuri Paşanın məzarına səpilməsi üçün Şuşa torpağını jurnalist Güngör Yavuzaslana verib. Daha sonra Cıdır düzündə “Qarabağ Azərbaycandır” fləşmobu təşkil edilib.
Fləşmobdan sonra Molla Pənah Vaqifin məqbərəsi və Şuşa qalası ziyarət edilib.
Şuşadakı Qarabağ Hotelində Tənzilə Rüstəmxanlı adından qonaqlara ziyafət verilib.
Jurnalistlərin səfəri onlara Şuşadan xatirə hədiyyələrinin təqdim olunması ilə başa çatıb.
Forumun yekununda iştirakçılar qardaş ölkə Türkiyəyə yola salınıb. Beləliklə, Forum öz işini yekunlaşdırıb.
Qeyd edək ki, Forumla bağlı həm Azərbaycan, həm də Türkiyə mediasında silsilə yazılar dərc edilib, reportajlar hazırlanıb, materiallar yayımlanıb, tədbir iştirakçılarının açıqlama və müsahibələri hər iki ölkənin mətbuatında işıqlandırılıb.