ANAMA-dan kamikadze-dronla bağlı məlumat

Oktyabrın 2-dən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Şəmkir, Xızı, Tərtər rayonları və Gəncə şəhəri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 67 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 3 müraciət daxil olub.

ANAMA-dan Yenicag.az-a bildirilib ki, daxil olmuş 70 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun E.Sadıqov küçəsi, Muğanlı, Diləğanlı, Boyat, Minəxorlu, Rəncbərlər, Poladlı, Cəfərli kəndləri və Hindarx qəsəbəsi, Ağdam rayonu Alıbəyli və Mərzili kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Alxanlı kəndi və 5-ci Zobcuq qəsəbəsi, Goranboy rayonunun Goran qəsəbəsi və Boluslu kəndi, Şəmkir rayonunun Sabirkənd kəndi, Xızı rayonunun Türkoba kəndi, Tərtər rayonunun İ.İsgəndərov küçəsi, Gəncə, Mingəçevir və Beyləqan şəhərləri ərazisində Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə 66 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 14 ədəd partlamamış hərbi sursat (2 ədəd 300 mm-lik raket (9M528), 12 ədəd tank əleyhinə idarə olunmayan raket (5 ədəd PQ-22, 3 ədəd PQ-9 və 4 ədəd PQ-7) və 32 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Həmçinin agentliyin partlayış qrupu tərəfindən 3 ədəd raket yerində işarələnib və növbəti iş günü ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçiriləcək.

Ümumilikdə agentlik tərəfindən sentyabrın 27-dən oktyabrın 4-dək 200 siqnal (əməliyyat çağırışı) əsasında 194 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Goranboy, Naftalan, Füzuli, Tərtər, Şəmkir, Hacıqabul rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib, 66 ədəd müxtəlif növ partlamamış hərbi sursat (PHS), hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator, 1 ədəd kamikadze dron (partladıcısı yerində zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxeması və 69 ədəd partlamış raket hissələri aşkar olunub.