ANAMA – Tərtərdə 2 ədəd mərmi tapıldı

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 13:41-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər rayonu, Çaylı kəndində əkin sahəsinin kənarında 2 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan Yenicag.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Tərtər rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Tərtər rayon Mərkəzi Xəstəxanasının əməkdaşları həmin əraziyə göndərilib və birlikdə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 82 mm-lik minaatan mərmisi (O-832) və 1 ədəd tərkibində partlayıcı maddə olmayan tank əleyhinə idarə olunmayan PQ-7 raketinin motor hissəsi (boş) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaatan mərmisinin və raketin ətrafında 200 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.