Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində fəaliyyət göstərən Mərdəkan Reablitasiya Pansionatının işdən çıxarılan müalicəvi bədən tərbiyəsi üzrə təlimatçısı Şadlinskaya Gülmira Maqsud qızı işinə bərpa olunub.
“Unikal”ın əldə etdiyi məlumata görə, o, bir müddət əvvəl işə bərpa olunması ilə bağlı agentliyi məhkəməyə verib və Binəqədi Rayon Məhkəməsi iddianı təmin edib. Bakı Apellyasiya Məhkəməsi də rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb. Artıq işə Ali Məhkəmədə də baxılıb və agentliyin kassasiya şikayəti rədd edilib. Gülmira Şadlinskayanın işə bərpa edilməsi ilə bağlı yekun qərar verilib.
İşinə bərpa edilən G.Şadlinskaya yenidən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini məhkəməyə verib. Bu dəfə işin mahiyyəti əmək münasibətləri üzrə sair mübahisələrdir.
Məsələ ilə bağlı Gülmira Şadlinskaya ilə əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirdi ki, budəfəki şikayəti əmək müqaviləsinin müddəti ilə bağlıdır:
“2018-ci ildən bu qurumda çalışdığım üçün mənim əmək müqaviləm artıq müddətsiz olmalıdır, çünki Əmək Məcəlləsində belə bir bənd var ki, 5 ildən artıq dövlət qurumunda çalışan əməkdaşlarla müddətsiz əmək müqaviləsi bağlanılmalıdır.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi isə bunu həyata keçirmir. Bu səbəbdən məhkəməyə müraciət etmişəm.
Onu da qeyd edim ki, işimə bərpa olunduqdan sonra məhkəmənin qərarı ilə 16 aylıq maaşımı almışam. Buna baxmayaraq, başqa məsələlərdə yenə də məni incidirlər. Bizdə mükafatlar və əlavələr olurdu, onları verməyiblər.
İndi isə əmək məzuniyyətimə çıxmağa icazə vermirlər. Həmçinin buna görə kompensasiya da ödəmirlər. Təkcə əmək məzuniyyətimlə bağlı mənə 3 min manata yaxın kompensasiya ödənilməlidir”, – deyə G.Şadlinskaya qeyd edib.