Anar Əsədli Ali Məhkəməyə müraciət etdi – FOTO

Sumqayıt Apellyasiya Məhkəməsi deputatlığa namizəd Anar Əsədlinin 125 saylı Zəngilan-Qubadlı dairəsi üzrə parlament seçkilərində kütləvi pozuntularla bağlı şikayətini təmin etməyib və Mərkəzi Seçki Komissiyasının qərarını qüvvədə saxlayıb.

Yenicag.az xəbər verir ki, Anar Əsədli bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verib.

O, 125 saylı dairə üzrə Milli Məclisə seçkilərin azad və şəffaf keçmədiyini bildirir və dairənin nəticəsinin etibarsız sayılmasını tələb edir.

Anar Əsədlinin sözlərinə görə, seçki günü məntəqələrdə, eləcə də 125 saylı DSK-da ciddi qanun pozuntuları qeydə alınıb və total seçki saxtakarlığını sübuta yetirən 102 video, onlarla foto-fakt, 104 akt lazımi instansiyalara təqdim edilib. Eyni zamanda, sözügedən video və foto-faktlar deputatlığa namizədin rəsmi Feysbuk hesabında mütəmadi olaraq paylaşılaraq ictimaiyyətin diqqətinə çatdırılır.

Qeyd edək ki, seçkilərin bitməsinə rəğmən, Anar Əsədlinin qərargahı və seçiciləri aktivlik nümayiş etdirir və 125 saylı dairə üzrə seçki nəticəsinin ləğv edilməsi üçün qətiyyətlə mübarizə aparır.