Türkiyədə səfərdə olan Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Türk Dünyasının böyük şairi Əhməd Cavadın anadan olmasının 130-cu ildönümü ilə əlaqədar Ankarada təşkil olunmuş anım tədbirinə, onun adına prospektin açılışına qatılıb.
TÜRKSOY, Ankaranın Etimesqut rayon Bələdiyyəsi, Türk Tarix Qurumu, Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycanın Türkiyədəki səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Raev, Etimesqut rayon Bələdiyyəsinin Başqanı Ənvər Dəmirəl, iki ölkənin dövlət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anar Əsədli Bələdiyyə Başqanı Ənvər Dəmirələ dəvət və Əhməd Cavadın xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərə görə təşəkkürünü bildirib, Əhməd Cavad və əqidədaşlarının ötən əsrin əvvəllərində Türk Dünyası Birliyinin, Turanın qurulmasının ideoloji əsaslarının üzərində çalışdıqlarını, ortaya bir yol qoyduqlarını, bu gün o arzuların gerçəkləşdiyini dilə gətirib.