Anar Əsədli bölgə ziyarətlərinə başladı – FOTOLAR/VİDEO

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Anar Əsədli seçki kampaniyasını Bakı və Sumqayıtdan sonra bölgələrədək genişləndirib.

Yenicag.az xəbər verir ki, Anar Əsədli Sabirabad rayonundakı Yeni Zəngilan qəsəbəsində, Şirvan şəhərindəki sürücülük məktəbinin yataqxanasında, Nəvahi qəsəbəsində, Hacıqabul rayonundakı məcburi köçkünlər üçün salınmış qəsəbədə Zəngilan və Qubadlıdan olan seçiciləriylə görüşüb.

Namizəd bölgələrdə məskunlaşmış məcburi köçkünləri ev-ev ziyarət edib, onu qarşılamaq üçün məhəllə aralarında toplaşan sakinlərlə söhbət edib.

Seçicilərin arzu və şikayətlərini dinləyən Anar Əsədli onlara problemlərin çıxış yolları barədə danışıb və birlikdə hər şeyin öhdəsindən gələcəklərini vurğulayıb.

Namizəd sakinlərə platformasını təqdim edib və səsvermədə aktiv iştiraka çağırıb.

Seçicilər Anar Əsədlinin seçki kampaniyasını sosial media vasitələsilə izlədiklərini və onlarda maraq doğurduğunu söyləyiblər.

Anar Əsədli həmçinin, Nəvahidə məcburi köçkünlər üçün salınmış qəsəbədə şəhid Fənar Şıxalıyevin evində də olub.