Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli Mərsində Türkiyə və Ərəb Ölkələri İş İnsanları Dərnəyinin (TURAB) Başqanı Fəxri Kuş ilə görüşüb.
Yenicag.az xəbər verir ki, AYP başqanı Partiya haqqında məlumat verərək, Mərsində iş insanları ilə görüşlər keçirməsinin məqsədindən danışıb.
O bildirib ki, iki ölkənin hökumət və xalqlarının əlaqələri yüksək səviyyədə olsa da, digər sahələrdə münasibətlər ya yoxdur, ya da potensialın altındadır. Onun fikrincə, xüsusilə regionlar arasında əlaqələr inkişaf etməyib, o cümlədən bölgələrdəki iş insanları iş imkanları haqqında məlumatsızdır.
Anar Əsədli deyib ki, işğaldan azad edilmiş ərazilər tamamilə yenidən qurulduğu üçün həmin bölgələrdə iş imkanları daha genişdir. Bu baxımdan, iş insanları qarşılıqlı səfərlər etməli, bölgələrin potensialını araşdırmalı, iqtisadi-ticari sahədə təşəbbüslərlə çıxış etməlidir.
Fəxri Kuş rəhbəri olduğu dərnəyin tərkibinin Türkiyə və Ərəb ölkələrindən olan iş adamlarından ibarət olduğunu bildirib. O qeyd edib ki, TURAB Azərbaycan və Orta Asiyada iş qurmaqda maraqlıdır, amma Azərbaycanda iş imkanları barədə məlumatlı deyillər:
“Azərbaycan bizim üçün çox önəmlidir, amma orada hazırda hansı sahədə fəaliyyətə ehtiyac olduğunu bilmirik”.
Anar Əsədli bunun üçün ilkin araşdırmalar aparılmasının zəruriliyini vurğulayıb və TURAB başqanı ilə bölgədəki iş adamlarını Azərbaycana dəvət edib.
O, TURAB başqanına Azərbaycan bayrağı və “Xarı bülbül” nişanı hədiyyə edib.
AY Partiya başqanını görüşdə I müavini, İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, müavini Gülşən Hacıyeva, Baş Məclisin üzvü Saleh Həsənov müşayiət ediblər.